Tehran üçün BÖYÜK TƏHLÜKƏ: xəbərdarlıq siqnalları çalınır

02.12.2019 11:57

İranın paytaxtı Tehranda havanın çirkliliyi xroniki problemlərdən birinə çevrilib.

Çirkliliyin riskli dərəcədə artması səbəbilə şəhər miqyasında tədrisə ara verilib.

Şəhərin müxtəlif nöqtələrinə təcili tibbi yardım avtomobilləri yerləşdirilib. İctimai məkanlarda maska ilə gəzməyə məcbur olan vətəndaşlar çirkli havanın müxtəlif tənəffüs yolları xəstəliklərinə səbəb olduğunu və gözlərinin yandığını bildirir.

Tehran Şəhər Bələdiyyəsi paytaxtın illərdir həllini tapa bilməyən hava çirkliliyi ilə mübarizə apara bilmək üçün velosipeddən istifadəyə təşviq, tək və cüt dövlət nömrə nişanlı avtomobillərin növbəli hərəkəti, yeni metro xətlərinin istifadəyə verilməsi, köhnə avtomobillərin istifadəsinə qadağa, fabriklərin şəhərdən kənara çıxarılması kimi bir çox layihələr həyata keçirməyə çalışsa da, şəhərin hava dövriyyəsinə uyğun olmayan coğrafiyası və əhalinin sıxlığı hər il qış aylarında eyni problemlərin ortaya çıxmasına səbəb olur.

Əhali istifadə olunan avtomobil markalarının və yanacağın keyfiyyətsiz olmasından şikayətlənir və elektriklə işləyən avtomobillərə keçid etməyi istəyir.

Qeyd edək ki, Tehran dünya miqyasında hava çirkliliyi siyahısında ilk 12 şəhər arasındadır.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər kubmetrə düşən 25 mikroqram çirkli hissəcik hava çirkliliyində ən üst səviyyədir. Buna PM 2,5 sərhədi deyilir. 100-dən çox aşkar edilən faizlər səhhətə zərərli, 250-dən çox isə xəbərdarlıq kimi dəyərləndirilir.

Hazırda Tehranda bu rəqəm 158-dir./publika.az

© xezerxeber.az


291 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR