Elm dünyasında çaxnaşma: 18 min il çürümədi - FOTOLAR

28.11.2019 15:52

Rus arxeoloqlar dünyanın ən soyuq bölgəsi olan Yakutiyada yerləşən İndigirka çayı yaxınlığında 18 min il əvvələ aid olduğu ehtimal edilən heyvan cəsədi tapıb.

Tükləri, bığları və süd dişləri çürüməyən cəsəd elm adamlarını təəccübləndirib.

İki aylıq köpək balasına aid olduğu bildirilən cəsədin tapıldığı ərazidə mənfi 34 dərəcə soyuq hava hökm sürür. Cəsədin çürüməməsinin səbəbi bu dondurucu soyuqla əlaqələndirilsə də, elm adamları Buz dövründən qalma bu tapıntının bir köpəyə, yaxud başqa bir canlıya aid olması məsələsində qərarsızdır.

Ölüm səbəbi bilinməyən cəsəd keçən il aşkar olunub.

Rus elm adamları Üst Paleolit dövründən qaldığı ehtimal edilən köpək haqda daha detallı məlumat əldə etmək üçün İsveç Paleogenetik Mərkəzinə (CPG) bir nümunə göndərib.

Professor Sergey Fyodorov CPG-nin Avropanın ən böyük DNT bankı olmasına baxmayaraq, köpəyin növünü müəyyən edə bilmədiklərini deyib.

Fyodorov 18 min yaşlı heyvanın kökəninin aşkar olunmasının bir sıra elmi kəşflərə yol açacağını düşünür. İsveçli elm adamlarının araşdırmaları da, heyvanın 18 min yaşında olduğunu təsdiq edib, lakin cəsədin hansı heyvana aid olduğu hələlik öz qeyri-müəyyənliyini qoruyur. Amma rus araşdırmaçılar "Bala Doqor” adlandırdıqları heyvanın qurddan köpəyə çevrilmə mərhələsini təmsil etdiyini də düşünür.

Elm adamları müasir köpəklərin təxminən 15-40 min il əvvəl nəsli tükənmiş bir qurd növündən çevrildiyini iddia edir. Bir sıra araşdırmaçılar isə bu təkamülün daha erkən baş tutduğunu bildirir. "Bala Doqor”un isə bu təkamül prosesinin hansı mərhələsinə aid olduğunu yeni araşdırmalar müəyyən edəcək.

Fotoları təqdim edirik:

Teleqraf

© xezerxeber.az


1629 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR