Bakıda "pul paylayan" aparat peyda olub - VİDEO

22.11.2019 19:34

Son günlər paytaxt Bakının bir neçə yerində, əsasən də marketlərdə yeni cihazlar quraşdırılır. "Azpulmanat” adlı aparatdan vətəndaşlar təxmini bir dəqiqə ərzində tək şəxsiyyət vəsiqəsi ilə 20 manat pul götürə bilirlər.

Xezerxeber.az-ın məlumatına görə, Bakıda "pul paylayan" aparat kimi tanınan bankomata bənzəyən cihazlar qısa zamanda böyük populyarlıq qazanıb.

Nizami rayonunda, "Neftçilər" metrostansiyasının yanında quraşdırılan bu aparatların önündə bəzən insan izdihamı yaşanır.

Aparatdan istifadə edən vətəndaşlar bildirir ki, pulu əldə etmək çox asandır. Bunu şəxsiyyət vəsiqəsi ilə cəmi 30 saniyə ərzində əldə etmək mümkündür.

Bəzi vətəndaşlar isə bildirir ki, saatlarla aparatın önündə dayanıb qeydiyyatdan keçsələr də, pul ala bilməyiblər.

Aparatdan pul çıxaranlar isə bildirirlər ki, 5 gün ərzində 20 manat və üstəgəl də 1 manat əlavə faizini qaytaran şəxs, bu dəfə 40 manat məbləğində borc ala bilir. Beləcə bu məbləğ 1000 manata qədər qalxır. Borcu götürən zaman bütün məlumatları daxil etdikdən sonra mobil nömrənizi də yazırsınız. Nömrəyə xüsusi şifrə göndərilir və bundan sonra şifrəni yazıb, pulu çəkmək olur. Eyni nömrə, şəxsiyyət vəsiqəsi ilə borcu qaytarmadan növbətisini almaq mümkün deyil.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, aparat insanlara əlavə sənədlər tələb etmədən pul nağdlaşdırmağa imkan verirsə, bu çox müsbət addımdır və insanların pula çıxış imkanını artırır. Ancaq ən önəmli məsələ məlumatları götürülən şəxslərin informasiyalarının harda, hansı serverdə nə dərəcədə etibarlı mühafizə olunmasıdır. Çünki şəxsi məlumatların təhlükəsizliyi tam qorunmasa, sonradan həmin şəxslər üçün ciddi problemlər yarana bilər.

Qeyd edək ki, aparatın ilkin olaraq verdiyi 20 manatı götürən şəxslər tərəfindən pulun qaytarılmayacağı təqdirdə hansı prosedurun tətbiq ediləcəyi bəlli deyil. Bunu aydınlaşdırmaq üçün şirkətin internetdə yerləşdirdiyi nömrə ilə əlaqə saxlamağa çalışsaq da, heç bir məlumat əldə etmək mümkün olmadı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1186 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR