Azərbaycanın 11 rayonunda su qıtlığı yaranıb - VİDEO

21.10.2019 19:53

Bəzi rayonlarda su qıtlığı yaranıb, su idarələrinə qənaət rejiminə keçmək tapşırılıb.

Xezerxeber.az-ın məlumatına görə, avqustun ikinci ongünlüyündən etibarən 11 rayonda su qıtlığı yaranıb. Bu rayonların bir hissəsini su ilə təmin edən Yuxarı Şirvan kanalında suyun səviyyəsi enməyə başlayıb. Kanalda suyun azalmasına görə ötən ayın ikinci ongünlüyündən etibarən həmin rayonların ərazisindəki arxlarda suyun səviyyəsi enib, bəzi yerlərdə isə tamamilə kəsilib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, qurumun Ucarın Qazyan kəndində modul tipli sutəmizləyici qurğusu var. Amma Şirvan kanalında su az olduğuna görə bu qurğu işləmir. Qurğunun işləməməsinə görə də həmin kənddə əhali içməli su ilə təmin edilə bilmir.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, su azlığı Yuxarı Şirvan kanalı ilə bağlıdır. Səbəb isə Kür çayında suyun azalmasıdır və bu da təbii prosesdir. Açıqlamada qeyd edilib ki, su idarələrinə qənaət rejiminə keçmək tapşırılıb.

Problemi şərh edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib ki, son illərdə yalnız Azərbaycanda deyil, dünyada su ehtiyatları azalır. Onun sözlərinə görə, bu, qlobal problemdir. Şöbə müdirinin sözlərinə görə, ötən ilə nisbətən bu il ölkədə su ehtiyatı xeyli azalıb. Bunun səbəbi yağıntıların az düşməsidir.

Rasim Səttarzadə vurğulayıb ki, sudan qənaətlə istifadə etməklə qıtlığı aradan qaldırmaq olar. Həmçinin, sudan təkrar istifadəyə üstünlük verilməlidir. Bunun üçün isə müvafiq infrastrukturun qurulmasına ehtiyac var.

Şöbə müdiri bildirib ki, məişətdə də sudan qənaətlə istifadəyə üstünlük verilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






715 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR