Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı və İsmayıllıda səfərdə olub - VİDEO

15.09.2019 20:00

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı və İsmayıllı rayonlarında səfərdə olub.

Xezerxeber.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva Şamaxının Məlikçobanlı kəndində yeni tikilmiş Gülağa Ağayev adına tam orta məktəbin açılışında iştirak ediblər.

Mehriban Əliyeva və qızı Leyla Əliyeva Şamaxı Cümə məscidini ziyarət ediblər.

Məscidin imamı Mərhəmət Mustafayev ziyarətə gələnlərin bu müqəddəs ocağın yenidən bərpa olunmasını minnətdarlıqla xatırladıqlarını bildirib. Məsciddə Mehriban Əliyevaya müqəddəs Qurani-Kərim hədiyyə olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxıya səfəri çərçivəsində şəhərin Şirvanşah İbrahim küçəsində yaşayan Hicran İsmayılovaya məxsus, bu il fevral ayında baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış olub.

Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar. Burada rayon sakinləri ilə görüşən Birinci vitse-prezident Mehriban Əliyeva onlarla söhbət edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı rayonunun Muğanlı kənd sakini Zamiq Səfərova məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa olunan evə baxıb.

Səfərovlar ailəsi ən çətin anlarda onların yanında olmalarına və zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması üçün göstərdikləri köməyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunda da olub. Mehriban Əliyeva Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən yeni evə gəlib, burada yaradılan şəraitlə tanış olub.

Birinci vitse-prezident və qızı İsmayıllı şəhərinin Vahab Osmanov küçəsində inşa olunan yeni uşaq bağçasının açılışında iştirak ediblər.

Üçmərtəbəli uşaq bağçasının binasında 5 qrupun fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb, bütün otaqlar müasir avadanlıqla təchiz edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Daha sonra İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışı olub.

İvanovka sakinləri Mehriban Əliyevanı duz-çörəklə qarşılayıblar. Mehriban Əliyeva kənd sakinləri ilə söhbət edib.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət sarayının musiqi kollektivinin ifalarını dinləyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






268 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR