Şəmkirdə ev yandırılıb - 1 ölü, 2 yaralı var - VİDEO

18.08.2019 18:30

Şəmkirdə sərxoş kişinin törətdiyi yanğın faciəyə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, Şəmkirin Sarıtəpə kəndində törədilən yanğın nəticəsində azyaşlı ölüb, 2 nəfərsə ağır yanıq xəsarətləri alıb.

23 yaşlı Şəmkir rayon sakini Elmar Sadıqov gecə saat 3 radələrində qayınatası İlqar Məsimovun evinə gəlib. O, 3 ay əvvəl ayrıldığı 24 yaşlı həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə gətirdiyi benzini onun və qayınanası 54 yaşlı Səltənət Məmmədovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırıb. Nəticədə yuxuda olan ana və qızı ciddi yanıq xəsarətləri alıb. Elmar Sadıqovun 2 yaşlı oğlu Nicat Sadıqov isə yanaraq ölüb.

Yanğın nəticəsində ağır xəsarətlər alan Mətanət Məsimova və anası Səltənət Məmmədova əvvəlcə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ancaq vəziyyətlərinin ağır olduğu nəzərə alınaraq onlar Bakıya aparılıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə çatdırılıblar. Səltənət Məmmədovanın bədəninin 50, Mətanət Məsimovanın bədəninin 70 faizinin yandığı bildirilir. Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə mütəxəssislər dəvət edlib. Səhiyyə Nazirliyi yaralıların müalicəsini nəzarətə götürüb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı məlumat yayıblar. Bildirilir ki, həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar Sadıqov tutularaq istintaqa cəlb olunub. O, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






239 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR