Litvada gənə ölümə səbəb oldu

16.07.2019 16:16

Litva QİÇS və Yoluxucu Xəstəliklər Mərkəzinin yaydığı məlumata görə, bu il Vilnüsdə gənə ensefalitindən ikinci ölüm hadisəsi baş verib. AZƏRTAC ELTA-ya istinadla xəbər verir ki, birinci ölüm faktı iyulun əvvəlində Şaulyay qəzasında qeydə alınıb.

Epidemioloji tədqiqatlar nəticəsində müəyyən olunub ki, bir ay əvvəl xəstənin bədəninə gənə daraşıb. Bunun necə baş verdiyi məlum deyil. Kişi tez-tez Labanor meşəsi ətrafında olurmuş. Ona gənə ensefalitinə qarşı peyvənd edilməyib.

QİÇS və Yoluxucu Xəstəliklər Mərkəzinin məlumatına görə, Litvada gənə ensefalitinə yoluxma halları artır: bu ilin birinci yarısında 99 adam xəstələnib, halbuki ötən ilin eyni dövründə gənə ensefalitinə 61 yoluxma faktı qeydə alınıb.

Mərkəzin mütəxəssisləri vurğulayırlar ki, gənə ensefalitinə qarşı ən səmərəli vasitə peyvənddir. Vaksinasiyaya qışda və ya gənələrin fəallaşmağa macal tapmadığı erkən yazda başlamaq məsləhət görülür. İkinci vaksinasiyadan iki həftə sonra insanda gənə ensefalitinə qarşı immunitet yaranır.

Avropada, o cümlədən Litvada gənə ensefaliti virusuna çox vaxt "Ixodes ricinus” gənəsi dişləyəndən sonra yoluxurlar. Gənənin bu növü Litvanın bütün ərazisində geniş yayılıb.

Meşəçilərin, torpaq sahiblərinin, səyyah, turist və idmançıların, habelə göbələk toplayanların gənə ensefalitinə yoluxma riski daha yüksəkdir.

© xezerxeber.az


382 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR