Bu şəxslərin kredit borcları silindi - Ekspertlər DETALLARI AÇDI

28.02.2019 14:49

Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən güzəşt 10 000 ABŞ dollarına qədər olan borclara aid olacaq.

XəzərXəbər xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.

Ekspert bildirib ki, güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq.

"Güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür. Vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinəcək. 2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik dövlət büdcəsindən ödəniləcək. 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödəniləcək.

Dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti keçməyibsə bilavasitə vətəndaşın özünə çatdırlır. Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək - yəni şərtlər dəyişdiriləcək. Məsələn, 2015-cü ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 3000 manat (hər dollar üçün 60 qəpik) büdcə kompensasiyası ödəniləcək”.

Ekspert bildirib ki, devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1%-lə banklar tərəfindən kredit xətti açılacaq. Bu məqsədlə Mərkəzi Bank da banklara illik 0.5%-lə ümumi həcmi 682 mln. manat kredit xətti açması nəzərdə tutulur.

Prezidentin bu fərmanı əsas borcu 10 min dollara qədər olan kreditlərə şamil edilir və bir nəfərə ümumi yardımın məbləği 5 min dolları keçməyəcək.

Bu sözləriAxar.az-a Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanını şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, ilkin olaraq fərman ancaq fiziki şəxslərə və dollarla krediti olan şəxslərə aid edilir:

"Bu fərman ancaq devalvasiya nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı dövlətin öz üzərinə müəyyən öhdəlik götürməsidir. Formul olaraq iki əsas ana xətt var. Birincisi, kreditlərin ana məbləği, yəni ilkin götürülmüş məbləğ 10 min dollardan çox olmayan kreditlərə aid edilir. Yəni fərman 10 min dollara qədər kredit götürmüş vətəndaşlara aid edilir. İkincisi, ödəniləcək yardımın – dəymiş ziyanın kompensasiyası da 5 min dolları keçməməlidir. Yəni fərman götürdüyü kreditin məbləği - əsas borcu - 10 min dollardan yuxarı olan vətəndaşlara aid edilmir və borcların faizlərlə 5 min dollarlıq hissəsi dövlət tərəfindən ödənilir. Formul olaraq 0,78 - 0,79 məzənnə ilə götürülən kreditlər xatırlayırsınızsa, birinci devalvasiyaya qədər 1,05 qəpik oldu. Bunun da ana borcu qalıb, yəni götürülən ana borc 0,78 məzənə ilə ödənilməlidir. Ancaq devalvasiya nəticəsində manatla artan borc təqribən 25 qəpik olub. Bu 25 qəpik dövlət tərəfindən ödəniləcək”.

Ekspert birinci devalvasiyadan sonra, ikinci devalvasiyaya qədər olan kredit borclarına da aydınlıq gətirib:

"Bu zaman rəsmi məzənnə 1,55 qəpik oldu. Birinci devalvasiya ilə ikinci devalvasiya arasında 10 min dollara qədər kredit götürmüş vətəndaşların məzənnə fərqi - yəni 60 qəpiyi yenə dövlət tərəfindən ödəniləcək. Yəni ana borc 1,05 qəpikdən ödəniləcək, məzənnədən yaranan borc - 60 qəpiklik hissəni isə dövlət öz üzərinə götürəcək. Ancaq burada yenə vətəndaşa ediləcək yardımın məbləği 5 min dolları keçməməlidir. Bunun üçün dövlət büdcəsindən vətəndaşların borclarını ödəmək üçün banklara və kredit təşkilatlarına təqribən 900 milyon manata yaxın vəsait ayrılacaq. Bu borc yalnız fiziki şəxslərə, 1 və 2-ci devalvasiyadan sonra valyuta ilə götürülmüş kreditlərə aid ediləcək. İkinci devalvasiyadan sonra valyuta ilə götürülmüş kreditlərə isə bu fərman aid edilmir. Yəni ikinci devalvasiyadan sonra kredit götürənlər borclarını həmin məzənnə ilə və indiki şərtlərlə də geri qaytaracaq”.

© xezerxeber.az


2116 dəfə oxunub

XƏBƏRLƏR

24.03.2019 09:56

Bakıda maşın yanıb

ÇOX OXUNANLAR