Düşmən yenə təxribata əl atıb, nəticədə mülki vətəndaşımız yaralanıb.
Xezerxeber.az-ın məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun işğal altında olan ərazilərdən üzbəüz mövqedə yerləşən Mirəşelli kəndini bir neçə dəfə atəşə tutublar. Nəticədə Bakıdan rayona yaxınının məzarını ziyarət etməyə gedən rayonun Baş Qərvənd kənd sakini, 73 yaşlı Dilşad Allahverdiyeva qulaq nahiyyəsindən güllə yarası alıb.
Qadın yaxınları tərəfindən Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Bu arada, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu, Ermənistan tərəfinin öz ordusunda baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır: "Bildiririk ki, Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir".
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: