“Starbucks” fincanı “Taxt oyunları”na necə düşüb?

07.05.2019 16:34

HBO-nun fentezi janrında lentə aldığı"Taxt oyunları”serialının səkkizinci mövsümünün dördüncü bölümünü diqqətlə seyr edən tamaşaçılar kadrda olan maraqlı bir səhvi tutublar.

"Metro”nəşri xəbər verir ki, serialın masa arxası səhnəsində Deyeneris Tarqariyenin önündə olan"Starbucks”brendinə məxsus kofe fincanı kadrlarının "screen”ləri yayımlanıb.

"Taxt oyunları”nı yayımlayan HBO telekanalı (ABŞ) kadrlardan birində "Starbucks”a aid plastik qəhvə stəkanının peyda olması məsələsinə aydınlıq gətirib.

Bu barədə "New York Post” yazır.

HBO rəsmisi bunu özünəməxsus yumorla izah edib.

"Epizodların birində lattenin ekranlarda görünməsi səhvən baş verib. Əslində, Deyneris yaşıl çay sifariş vermişdi”, - deyə nəşrin müsahibi bildirib.

Serialın icraçı prodüseri Berni Kolfild də "WNYC” radiostansiyasına verdiyi müsahibədə qalmaqallı kadrı şərh edib.

"Bildiyiniz kimi, "Starbucks”ın ilk kafesi məhz Vesterosda açılıb”, - deyə Kolfild istehza edib.

Onun sözlərinə görə, baş verən xəta ən yaxşı dram serialı nominasiyasında "Emmi” mükafatçısı olmuş "Taxt oyunları” üçün olduqca nadir bir haldır. Çünki rekvizitçilər və dekorçular yüz deyil, min faiz dəqiqliklə işləyir.

"Əgər bu, onların serialda tapdıqların ən pis nöqsandırsa, deməli, biz yaxşı formadayıq”, - deyə prodüser bildirib.

Qeyd edək ki,"Taxt oyunları”nın sonuncu mövsümü sosial şəbəkələrdə ən çox müzakirə olunan mövsüm olub. Belə ki, seriala beş milyondan çox tvit həsr olunub.

© xezerxeber.az


241 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR