Dilimi kəssələr belə yenə tənqid edəcəyəm - türkiyəli aktyor

26.12.2018 10:35

Çünki tənqidimdə nə bir hörmətsizlik, nə bir tərbiyəsizlik, nə də bir təhqir var.

Prezident Ərdoğanı təhqir etməkdə təqsirli bilinən türkiyəli aktyor Müjdat Gezen qonaq olduğu verilişdə baş verənlərlə bağlı danışıb.

Müjdat Gezen "DW Türkçe” kanalında yayınlanan "Nevşin Mengü ile Bire Bir” proqramında ürəyini boşaldıb.

Müjdat Gezen prezident Ərdoğanla polemikaya girməkdən və onun hədəfi olmaqdan qorxub qorxmadığı barədə suala "Heç qorxmuram. Qorxutmaq çox təhlükəlidir. Mən bunların ən pisini yaşamışam. Kenan Evrenin vaxtında ayağımıza zəncir vurdular. 12 sentyabrda, 12 martda çəkmədiyimiz qalmadı. Görünür, onların qorxuları dağları aşıb. O qədər qorxurlar ki... Hələ İstanbul, Ankara, İzmiri versələr, o qorxu artacaq. Prezident deyir ki, "Kadıköydə yaşayanlar qaymaq təbəqədir...Türkiyə yıxılsa, bunların tükü tərpənməz”. Mən də dedim ki, "Mən sənə belə bir icazə vermirəm. Yəni mənim vətənpərvərliyimi sorğulama haqqını necə özündə görürsən? Hamıya "həddini bil” deyirsən. Həddini bil... Həddini bil... Bütün dünyaya barmaq yellədib həddini bil... Onda sən də həddini biləcəksən. "Həddini bil” sözü təqsirdirsə, cənab prezident gündə 200 dəfə cinayət işləyir”, - deyə cavab verib.

Aparıcının "Bunları yaşadıqdan sonra kaş ki bu qədər sərt danışmasaydım dediniz?” sualına Gezen belə cavab verib:

"Heç bir sərtlik göstərmədim. Mən onu hər axşam oyunumda deyirəm. Çünki təhqir edən Ərdoğanın özüdür. Mən təhqir etmədim ki... Sonuncu dəfə "bunlar imansızdır” deyib. Mənim imanımı Allah mühakimə edə bilər. Sonra bu necə demokratiya anlayışıdır? Qanun qarşısında hamı bərabərdir. Bir düşünün, prezident hamını alçaldacaq, amma heç kim onu tənqid etməyəcək. Belə demokratiya yoxdur. Yəni dilimi kəssələr, işarə dili öyrənib yenə tənqid edərəm. Çünki tənqidimdə nə bir hörmətsizlik, nə bir tərbiyəsizlik, nə də bir təhqir var. Bizə "ala” dedi. Mən küçədəki uşağa demərəm onu”.

AzNews.az

© xezerxeber.az


171 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR