Nazpəri Dostəliyeva evindəki cinayətdən danışdı

16.07.2018 11:27

Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyev barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edir. Lent.az-ın məlumatına görə, xalq artisti N.Dostəliyevanın istintaqa verdiyi ifadə məlum olub.
İstintaq zamanı zərərçəkmiş kimi dindirilən Nazpəri Dostəliyeva bildirib ki, Nərimanov rayonundakı mənzilində tək yaşayıb: "Evdə tək yaşadığım üçün Sevda Hüseynova ev işlərimə kömək edib. Sevdanı 11 ildir tanıyıram. Mənzilin bir açarı da onda olub. Sevda hər gün saat 10-da bizə gəlib, 7-də gedib. Hər ay ona 500 manat əməkhaqqı verirəm. Yataq otağımda şkafın içində özümə məxsus qızıl-zinət və özəl əşyaları saxlayırdım. Onun açarı yalnız məndə olub. Seyfin içində brilyant, digər qızıllar, pullar və evin sənədləri vardı. Mənim icazəm olmadan heç kim o seyfə əl vura bilməzdi. Həmçinin, hər gün istifadə etdiyim qızıllar isə yataq otağında şüşə şkafda idi. Sərxan Mirzəyev təxminən 2 ildir sürücümdür. Ona da ayda 500 manat əmək haqqı verirəm”.
Xalq artisti hadisə günündən də danışıb. O bildirib ki, hadisə günü sürücüsü Sərxan və köməkçisi Sevda ilə Novxanıda yerləşən bağ evlərinə gediblər: "Axşamüstü Nərimanovdakı evə qayıtdıq. Evə daxil olduq. Yataq otağının işığı yanılı idi. Sevdada işığı niyə söndürmədiyini soruşanda, o qeyd elədi ki, evdən çıxan zaman bütün işıqları söndürüb. Otağa daxil olduq. Şüşə şkafın siyirməsi açıq idi. Baxdım ki, əşyalarım darmadağın olub. Qızıl və zinət əşyalarım götürülüb. Tez seyfə baxdım Gördüm şkafın içində olan seyf yerində yoxdu. Otağın digər tərəfində olan şkafdan da brilyantlarım və digər qızıl-zinət əşyalarım götürülmüşdü. Evdə oğurluq hadisənin olduğunu dəqiqləşdirdim. Sərxan mənzildə oğurluq olması ilə bağlı DİN-in 102-i xidmətinə məlumat verdi. Bir müddət sonra polis zabiti gələrək bizdən izahat aldı”.
Nazpəri Dostəliyeva deyib ki, həmin günü Novxanıdakı bağ evlərinə gedəcəyini yalnız ailə üzvləri bilib: " İşçilərimdə Novxanıya gedəcəyimizi 1 gün qabaq biliblər. Ümumilikdə oğrular mənə 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro, 2 min funt sterlinq maddi ziyan vurublar”.
Xalq artistinin ifadəsində o da qeyd olunub ki, qızılların bir qismin istintaq zamanı ona qaytarılıb: "İstintaq vaxtı qızıllarım və pulumun bir qismi qaytarıldı. Daha sonra təqsirləndirilənlərin valideynləri tərəfində yerdə qalan qızıl və pulu ödəyiblər. Buna görə heç bir şikayətim, tələbim və iddiam yoxdur”.
Qeyd edək ki, istintaq dövründə həmin cinayət işi üzrə təqsirləndirilən A.Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb. Cinayət işi üzrə xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.

© xezerxeber.az


546 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR