İyunda OPEC-in neft istehsalı sutkada 22,2 milyon barrelə düşüb

14.07.2020 17:30

İyun ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft hasilatı azalıb.

Bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC-in neft istehsalı may ayı ilə müqayisədə 1 milyon 890 min barrel azalaraq sutkalıq 22 milyon 270 min barrelə enib. OPEC-in dünya neft hasilatındakı payı isə 25,8 faiz olub.

Ötən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox artıran ölkə Ekvatorial Qvineya olub. Bu ölkədə gündəlik istehsal 24 min barrel çoxalaraq 114 min barrel təşkil edib.

İyunda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Səudiyyə Ərəbistanı, İraq və Venesuelada azalıb. Səudiyyə Ərəbistanında gündəlik istehsal 923 min barrel geriləyərək 7 milyon 557 min barrel olub. İraqın sutkalıq hasilatı 449 min barrel azalaraq 3 milyon 716 min barrelə enib. Venesuelada isə neft istehsalı 199 min barrel geriləyərək 356 min barrelə düşüb.

Keçən ay dünyadakı qazma qurğularının sayı may ayı ilə müqayisədə 103 ədəd azalaraq 1232 olub. Həmin qurğuların 455-i OPEC-ə üzv ölkələrdədir.

© xezerxeber.az


261 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR