Bakıda bu qəsəbənin bütün küçələri təmir ediləcək

08.07.2020 11:45

Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində ötən il Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin bütün küçə və yolları təmir edilib. Hazırda isə rayonun Pirşağı qəsəbəsində analoji işlərin icrasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a bildirilib ki, 2019-cu il ərzində Kürdəxanı qəsəbəsi üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri həyata keçirilib. Bu çərçivədə 375 min kvadratmetr sahədə, ümumi uzunluğu 73,8 kilometr təşkil edən 124 adda küçə və yol təmir edilib.

Hazırda isə 7 mindən çox əhalisi olan rayonun Pirşağı qəsəbəsi üzrə asfalt-beton örtüklə döşənməsinə ehtiyacı olan bütün küçə və yolların təmir edilməsi işlərinə başlanılıb. Ümumilikdə isə bu işlərin sözügedən qəsəbənin 92,7 kilometr uzunluğa malik 93 adda küçə və yolunda aparılması nəzərdə tutulur. Təmir işləri aparılacaq sahə torpaq əsaslı olmaqla 600 min kvadratmetrdən çoxdur.

Artıq qəsəbə üzrə 4 ünvanda təmir işləri yekunlaşdırılıb. Bu, Bakıxanov və İ.Şıxlı küçələri, həmçinin Əli Ağazadə 1-ci və 2-ci döngələrdir. Təmir olunan küçələrin ümumi uzunluğu 5,9 kilometr, sahəsi 33 min kvadratmetrdir.

Hazırda isə Pirşağı qəsəbəsinin 2,5 kilometr uzunluğa malik Elbəy Rzaquliyev küçəsi təmir edilir. Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir, yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR