İraqın səhlənkarlığı “OPEC+”un qərarına təsirsiz ötüşməyib

04.06.2020 15:44

"OPEC+” koalisiyası başda İraq olmaqla hasilat məhdudiyyətləri üzrə öhdəliklərini yerinə yetirməyən bəzi üzvlərə görə çətin dövrdən keçir.

Qlobal neft bazarının canlanmasına kömək etməyi hədəfləyən koalisiya üzvlərin vədlərinə əməl etməmələri səbəbindən uzun müddətdir davam edən anlaşılmazlıqdan mənfi təsir görür.

"OPEC+” koalisiyası bu gün keçirilməsi təklif olunan iclasdan bir gün əvvəl tələsik imtina edib. Neft istehsalçıları adıçəkilən iclasda mövcud hasilat məhdudiyyətlərinin uzadılması, yəni may-iyun göstəricilərinin sentyabrın 1-dək saxlanılmasını və qiymətlərə dəstəyin davam etdirilməsinə dair ümumi qərarın qəbul olunacağını gözləyirdi.

Koalisiyanını aparıcı neft istehsalçıları Səudiyyə Ərəbistanı və Rusiya qrupda növbəti böyük istehsalçı olan İraqın səhlənkar davranışlarına səbrlərini itirib. Digər istehsalçıların əksəriyyəti öhdəliklərini yerinə yetirsə də, rəsmi Bağdadın öhdəliklərinə əməl etmədiyi bildirilir.

Ekspertlərə görə, neft qiymətlərinin artmasına kömək edən 23 istehsalçının tərəfdaşlığı artıq risk altındadır. Rəsmi Ər-Riyad və Moskva İraq, Nigeriya və Qazaxıstan kimi öhdəliklərinə əməl etməkdə səhlənkarlıq göstərən digər istehsalçıların ehtiyatlı davranmayacaqları təqdirdə hasilat məhdudiyyətlərini mərhələli şəkildə azaltmağa başlayacaqlarını bəyan edib.

Krallıq və Kreml birgə hərəkət etməyənlərə qarşı sərt davranır. Tərəflər həmin ölkələrin nəinki götürdükləri mövcud öhdəlikləri yerinə yetirmələrini, eyni zamanda, yerinə yetirmədikləri əvvəlki vədlərini kompensasiya etmək üçün qarşıdakı aylarda neft hasilatını daha da azaltmalarını istəyir.

Qeyd edək ki, OPEC daha öncə planlaşdırılan tarixdən bir neçə gün əvvəl - iyunun 4-də iclas keçirməyi nəzərdə tuturdu. Daha əvvəl isə iyunun 9-da OPEC Nazirlər Şurasının 179-cu iclasının videokonfrans formatında təşkili, iyunun 10-da OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfransla 11-ci görüşünün keçirilməsi planlaşdırılmışdı.

Rusiya və bəzi digər neft istehsalçısı ölkələr "OPEC+” üzrə iyulun 1-dən həcmi azaldılacaq mövcud hasilat məhdudiyyətlərinin daha 1 ay əvvəlki səviyyədə saxlanılmasının tərəfdarı idi. OPEC və digər qeyri-OPEC neft istehsalçıları isə mövcud məhdudiyyətlərin 1 və ya 3 aya qədər uzadılmasını düşünürdü. Səudiyyə Ərəbistanı da bu məsələdə həmfikir idi.

Bu proseslər fonunda "Brent” markalı xam neftin bir barrelinin qiyməti təxminən 3 ay ərzində (martın 6-dan) ilk dəfə 40 dolları keçmişdi. Hazırda isə qiymət yenidən 40 dollar/barreldən aşağı düşüb.

Xatırladaq ki, "OPEC+” ölkələri nazirlərinin bu il aprelin 9-u və 12-də keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.

2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı bu ilin may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.

Azərbaycanın öhdəlikləri iyul-dekabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 620 min barreli keçməməlidir.

Mayın 1-dən etibarən "Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, "Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir. (AZƏRTAC)

© xezerxeber.az


204 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR