Azərbaycanda 914 mindən çox fərdi sahibkar var

25.01.2020 15:41

Yanvarın 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 914 mini ötüb.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, hesabat dövründə hər 9 fərdi sahibkardan 7-si "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, "Digər sahələrdə xidmətlərin göstərilməsi” və "Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,5 faiz), Aran (20,4 faiz), Gəncə-Qazax (13,4 faiz) və Lənkəran (9,5 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Onların 78,3 faizi kişilər, 21,7 faizi isə qadınlardır. Qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 26,1 faizini, "Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 28,3 faizini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir.

Sahibkar qadınların 33,1 faizi Bakıda, 17,1 faizi Aran, 15,9 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,5 faiz), Gəncə-Qazax (25,6 faiz) və Lənkəran (22,3 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR