Vergi Məcəlləsinə təklif olunan dəyişiklik tikinti şirkətləri üçün sərfəli olacaq

19.11.2019 22:12

2020-ci ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergiödəyicisi ola bilməyəcəklər. Həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər.

Xezerxeber.az bildirir ki, bunu Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, dəyişiklik tikinti şirkətlərinin mühasibat uçotunun nizamlanması zərurətindən irəli gəlir.

N.İbrahimov hesab edir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik tikinti şirkətlərinin mühasibat hesabatının düzgün aparılmasına şərait yaradacaq. Ola bilər ki, bu, keçid dövründə şirkətlər üçün bir az çətin olsun, amma sonradan şirkətlərin özü üçün sərfəli olacaq: "Tikinti şirkətlərinin çoxu sadələşdirilmiş vergiödəyicisi olmağı seçir. Bunun iki səbəbi var. Birincisi, burada mühasibat hesabatı çox dəqiq tələb edilmir. İkincisi, sadələşdirilmiş verginin hesabatı asandır, yəni yaşayış sahəsinin 1 kvadratmetrini 45 manata vurmaqla, qeyri-yaşayış sahəsinin isə hər kvadratmetrini 1,5 əmsalına və zona əmsalına vurmaqla hesablayırlar. Burada şirkətlər müəyyən qədər vergidən yayınmalara meyil edə bilirlər”.

Həmçinin nəzərə çatdırılıb ki, hazırda maya dəyəri ilə satış qiyməti arasındakı marja kiçik olan şirkətlər daha çox ƏDV ödəyicisi olmağı seçir. Marja böyük olan şirkətlərə isə ƏDV ödəyicisi olmaq sərf eləmir, ona görə vergidən müəyyən qədər yayınmaq üçün sadələşdirilmiş vergiyə keçirlər. Vergi Məcəlləsində dəyişiklik bu proseslərin qarşısını almaq, mühasibat hesabatını sahmana salmaq üçün nəzərdə tutulub.

Ekspert əlavə edib ki, dəyişiklik tikinti şirkətlərində maya dəyərinin düzgün hesablanmasına və bunun nəticəsində satış qiymətlərinin ucuzlaşmasına gətirib çıxaracaq.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR