Azərbaycanda Milli Məkan Məlumatları İnformasiya Sistemi qurulur

25.07.2019 12:05

İyulun 25-də Bakıda "Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” adlı konfrans keçirilir.

Konfransda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin idarəetmə mexanizminin innovativ üsullarla həyata keçirildiyini, o cümlədən elektron hökumət quruculuğu, geoməkan standartlarının tətbiqi sahələrində işlərin təkmilləşdirildiyini deyib. Bildirib ki, ölkədə qurulmasına başlanan Milli Məkan Məlumatları İnfrastrukturu elektron hökumətin ayrılmaz tərkib hissəsini təşkil edir. Bu infrastruktur dövlətin məkanla bağlı əsas məlumat bazası olub, özündə çoxlu sayda mövcud müxtəlif mənbələrin məlumatlarını birləşdirməklə onları konkret coğrafi yerləşmə və zaman kəsiyinə uyğun sistemləşdirir. Bu infrastruktur istənilən sahədə idarəetmə ilə bağlı düzgün qərarların qəbul edilməsini, dövlət qurumları tərəfindən məkana bağlı məlumatın operativ əldə olunmasını, ümumilikdə qurumlar arasındakı qarşılıqlı əlaqənin səmərəli təşkilini təmin edir.

O deyib ki, Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə bağlı tədbirlər görülməsi üçün aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb, verilmiş tapşırıqların icrası olaraq bir sıra normativ hüquqi aktların ilkin layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Eyni zamanda, Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin cəlb edilməsi üzrə açıq tender keçirilib və İsrailin beynəlxalq nüfuzlu "Ofek Aerial Photography” şirkəti tenderin qalibi elan olunub.

K.Həsənov qeyd edib ki, Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq. Ölkəmizdə Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılmasına böyük töhfə verəcək layihələrdən biri də "Yer Səthinin Peyk Nəzarəti Sistemi”nin qurulması layihəsidir. 

Konfransın məqsədi məqsəd Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması, idarə olunması, aktuallığının təmin edilməsi, inteqrasiyası və mühafizəsi ilə bağlı işləri daha da təkmilləşdirmək, sistemin yaradılması ilə əlaqədar qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR