Azərbaycanı ziyarət edən turistlərin sayı xeyli artıb

11.07.2019 16:25

2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyona çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5 faiz çox qonaq deməkdir.

Dövlət Turizm Agentliyindən xezerxeber.az-a bildirilib ki, gələnlərin böyük hissəsini 29.4 faizini Rusiya (414 min), digər böyük hissəsini isə 24.3 faizini Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8 faiz və ya 64 min nəfər olub.

Qeyd etmək lazımdır ki, bu iki ölkədən gələn qonaqların sayı ümumi gələnlərin 50 faizdən çox hissəsini təşkil edib.

Türkiyədən gəlmiş qonaqların sayı 3.7 faiz artaraq toplam 148 minə çatıb. Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur - artım ilin ilk yarısı üçün uyğun olaraq 37.8 faiz və 50.2 faiz olub.

Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80.2% artım) və Pakistan (19 min; 24.4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15.1% artım) və Türkmənistandır (21 min; 85% artım).

Səudiyyə Ərəbistandan gələnlərin sayında isə təxminən 80 fazi artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir.

2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub – bu artım 17.2 faiz təşkil edib. Bu tendensiya özünü Azərbaycan turizmi üçün xarakterik olan bütün ölkələr üzrə göstərib.

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR