Birləşmiş Ştatların sutkalıq neft istehsalı rekord səviyyədədir

07.12.2018 11:26

ABŞ-ın gündəlik xam neft hasilatı 11,7 milyon barreldir.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı əvvəlki həftə ilə müqayisədə orta hesabla 1000 barrel artaraq sutkada 11,7 milyon barrel olub. Bu, ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Xam neft istehsalı əsasən Alyaska ştatında artıb, digər ştatlarda isə dəyişiklik olmayıb. Bununla da, Birləşmiş Ştatların gündəlik neft hasilatında son 47 həftənin 38-də artım qeydə alınıb.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 943 min barrel azalaraq gündəlik 7,2 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 761 min barrel çoxalaraq sutkada 3,2 milyon barrelə çatıb.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, ABŞ dünyanın ən böyük xam neft istehsalçısı ola bilər.

EIA-nın noyabr ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,9 milyon barrel, gələn il isə 12,1 milyon barrel təşkil edəcək.

© xezerxeber.az


61 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR