Böyükşor gölündə 100 kilovatadək gücə malik fotovoltaik sistem quraşdırılacaq

07.11.2018 15:53

Energetika Nazirliyinin təşkilatçılığı ilə "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Asiya İnkişaf Bankı (AİB) nümayəndələrinin, üzən fotovoltaik texnologiya üzrə Azərbaycanla yanaşı, Əfqanıstan və Qırğızıstandan olan tərəfdaşların, layihənin icrası ilə bağlı texniki heyətin, eləcə də dövlət qurumları təmsilçilərinin iştirakı ilə seminar keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin üç ölkədə - Azərbaycan, Qırğızıstan və Əfqanıstanda həyata keçiriləcəyini deyən Asiya İnkişaf Bankının ölkə üzrə nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov bildirib: "Böyükşor gölündə 100 kilovata qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması ölkənin bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı prioritetlərinə töhfə verəcək. Layihə, həmçinin günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərinin formalaşdırılmasına, təlimlər vasitəsilə milli potensialın gücləndirilməsinə kömək edəcək”.

Energetika nazirinin müavini Samir Vəliyev isə çıxışında Azərbaycanla AİB arasında uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunun mühüm bir istiqamət təşkil etdiyini bildirib. Asiya İnkişaf Bankının Cənub Qaz Dəhlizinə maliyyə dəstəyini yüksək qiymətləndirən nazir müavini deyib ki, bankın köməyi ilə Azərbaycanda elektrik paylayıcı şəbəkəsinin yenidən qurulması, elektroenergetika sektorunun maliyyə bərpa planı, bu sahəyə özəl sektorun cəlbi çərçivəsində layihələr həyata keçirilib. Hazırda isə Şəbəkə Məcəlləsi üzrə əməkdaşlıq edilir.

S.Vəliyev bərpaolunan enerji mənbələri, o cümlədən günəş enerjisindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, bu işlər müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdırılmasını, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və gücləndirilməsini, investisiya qoyuluşu üçün əlverişli mühitin yaradılmasını əhatə edir.

"Üzən günəş panelinin quraşdırılması ilə bağlı layihə Asiya İnkişaf Bankı ilə əməkdaşlığın növbəti bir uğuru kimi Azərbaycanda Strateji Yol Xəritəsində bərpaolunan enerji mənbələri ilə bağlı hədəflərin reallaşmasında mühüm rol oynayacaq”, - deyə nazir müavini əlavə edib.

Sonra Əfqanıstan, Qırğızıstan və Azərbaycanda enerji sektorunun vəziyyəti, günəş enerjisi üzrə görülən işlər və perspektivlər barədə məruzələr dinlənilib.

Azərbaycanda günəş enerjisi də daxil olmaqla bərpaolunan enerji potensialı barədə Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edib. Bildirib ki, dünyada elektrik enerjisinin istehsalında günəş enerjisindən istifadə sürətlə artmaqdadır. Belə ki, günəş enerjisinin istehsalı 2017-ci ildə 2016-cı illə müqayisədə 32,6 faiz artaraq 402 giqavata çatıb. Günəş enerjisi istehlakı isə 35,2 artaraq 442,6 milyard kilovat-saat olub.

Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialının 26 940 meqavat, günəş enerjisi üzrə bu göstəricinin isə 23 040 meqavat olduğunu diqqətə çatdıran Zaur Məmmədov deyib ki, yaxın illərdə külək, günəş və bioenerji üzrə 420 meqavat yeni enerji güclərinin istifadəyə verilməsi nəticəsində ildə 1,6 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsalına və 390 milyon kubmetr təbii qaza qənaət imkanı yaranacaq.

Tədbirdə, həmçinin qeyd olunub ki, texnologiyaların inkişafı nəticəsində bu gün günəş panelləri yalnız quruda deyil, su hövzələrində də quraşdırılmaqdadır. Su hövzələrində quraşdırılması panellərin effektivliyini artırmaqla yanaşı, quruda torpaq sahələrinin səmərəli istifadəsinə şərait yaradır. Fotovoltaik sistemin quraşdırılacağı Böyükşor gölünün 330 hektardan artıq hissəsinin tullantılardan təmizləndiyi, 460 hektarının təmizlənməsi üçün də işlərin görüldüyü diqqətə çatdırılıb.

Layihə üzrə işçi heyətin rəhbəri Jorge Servert del Rio qlobal fotovoltaik enerji sistemləri üçün landşaft, AİB-in layihə üzrə işçi heyətinin rəhbəri Cindy Tiangco isə fotovoltaik enerji sistemləri üzrə texniki yardım və Mərkəzi və Qərbi Asiyada bu potensialın artırılması mövzusunda təqdimatlar edib. Tədbirdə üzən fotovoltaik panellərin texnologiyası, maliyyələşdirilməsi, günəş sənayesinin inkişafı, fotovoltaik sistemlər üzrə davranış məcəlləsi ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Asiya İnkişaf Bankının və layihənin icrası ilə bağlı texniki heyətin ölkəmizə səfəri çərçivəsində Böyükşor gölünə və gölə yaxın ərazilərdə yerləşən yarımstansiyalara baxış keçirilib.

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR