Moskva ABŞ-a qarşı əks-sanksiyalar tətbiq edəcək

17.05.2018 17:19

Rusiya Dövlət Duması Qərb ölkələrinə qarşı əks sanksiyaları, həmçinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara riayət edən şirkət və şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini bu gün ikinci oxunuşda qəbul edib.

Mayın 22-də parlamentin aşağı palatası layihəyə üçüncü - sonuncu oxunuşda baxacaq. Əgər üçüncü oxunuşda qanun layihəsi qəbul olunsa, Rusiya qanunvericiliyində rəsmən qüvvəyə minəcək.

Dövlət Dumasının rəsmi saytında məlumat verilir ki, sənəd Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının, dövlətin maraqları və təhlükəsizliyinin qorunması naminə tədbirlər görməyə hesablanıb. Qanun layihəsinə əsasən, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara riayət edənləri 4 ilədək həbs cəzası, yaxud 600 min rubladək cərimə gözləyir. Bundan başqa, qanun layihəsində qeyd olunub ki, Rusiyaya qarşı həmin sanksiyaların tətbiqinə vəsilə olanlar da 3 ilədək həbs və 500 min rubladək cərimə olunacaqlar.

ABŞ sanksiyalarına qarşı Moskva əks- sanksiyalar tətbiq edərək Rusiyaya kənd təsərrüfatı və xammal məhsullarının, spirtli içki və tibbi dərmanların idxalına məhdudiyyətlər, həmçinin çox xarici kapitalı 25 faizdən çox olan şirkətlərə özəlləşdirmədə iştirak etmək, dövlət orqanlarına konsaltinq və audit xidmətləri göstərməyə qadağa qoyacaq.

Qanun layihəsinin müəllifləri sırasında Federasiya Şurasının spikeri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiya Kommunist Partiyasının lideri Qennadiy Zyuqanov və Liberal Demokratlar Partiyasının sədri Vladimor Jirinovski yer alıb. Rusiya hökuməti və Ali Məhkəməsi də sözügedən qanun layihəsini dəstəkləyirlər.

Xatırladaq ki, 2014-cü ildə Krımı ilhaq etdiyinə görə ABŞ və Avropa ölkələri Rusiyaya qarşı silsilə sanksiyalar ttəbiq edib və zamanla sanksiyaların siyahısı daha da genişləndirilərək bir çox rusiyalı dövlət və iş adamlarını, iri iqtisadi və hərbi şirkətlərini əhatə edib. /azvision.az

© xezerxeber.az


385 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR