“Şimal axını 2”nin inşasına hazırlıq başlayıb

16.05.2018 12:30

"Şimal axını 2” ("Nord Stream 2”) təbii qaz boru kəmərinin inşası üçün hazırlıq işləri Almaniyanın Baltik dənizi sahilindəki Greifswald Körfəzində başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın enerji nəhəngi "Gazprom” və onun tərəfdaşları "Shell”, "OMV”, "Engie”, "Uniper” və "Wintershall” kimi şirkətlərindən ibarət olan "Nord Stream II AG” konsorsiumu məlumat yayıb.

"Nord Stream II AG”nin tikinti müdiri Georg Nowack deyib: "Greifswald Körfəzindən istifadə edən bütün aidiyyəti qurumlara və dənizçilərə rəsmi xəbərdarlıq edilib”.

Marşrut boyunca digər üç ölkədə - Rusiya, İsveç və Danimarkada müvafiq icazələrin alınması prosedurlarına başlanılacaq: "Qarşıdakı aylarda daha çox icazənin alınması gözlənilir. Buna görə də tikinti işləri nəzərdə tutulduğu kimi 2018-ci ildə həyata keçiriləcək”.

Xatırladaq ki, yanvarda Almaniya tərəfindən "Şimal axını 2” qaz boru kəmərinin inşasına dair icazə verilib. "Gazprom” şirkəti "Şimal axını 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlayıb.

Ümumilikdə 9,5 milyard dollara başa gələcək və 1220 kilometr uzunluğundakı "Şimal axını 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr təbii qaz nəql edəcək. "Gazprom”la yanaşı, "Shell”, "OMV”, "Engie”, "Uniper” və "Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR