Bakıda Alman-Azərbaycan biznes-forumu keçirilir

11.10.2017 12:36

Oktyabrın 11-də Bakıda Alman-Azərbaycan biznes-forumu keçirilir. Tədbir Alman-Azərbaycan Xarici Ticarət Palatası, Şərqi Avropa İqtisadi Əlaqələr üzrə Alman Komitəsinin və Almaniyanın Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə baş tutub.

Forumun əsas mövzuları maliyyə, sənaye, nəqliyyat və logistika sahələridir. Məqsəd alman və Azərbaycan şirkətlərini biznes platforması ilə təmin etmək, onların işgüzar əməkdaşlığı üçün mövcud imkanları müzakirə etmək, öz layihə və təkliflərini təqdim etməsinə şərait yaratmaqdır.

Alman-Azərbaycan Xarici Ticarət Palatası idarə heyətinin sədri Falko Haydrix ölkələrimiz arasındakı fəal və uğurlu əməkdaşlıq əlaqələrindən söz açıb, bugünkü biznes-forumun əməkdaşlığın gücləndirilməsi üçün yeni platforma olduğunu deyib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək ölkəmizdə gömrük sahəsində son illər ərzində həyata keçirilən islahatlar barədə məlumat verib, komitənin yeni təklif və fikirlərə hər zaman açıq olduğunu deyib.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev nazirlik ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası arasında sıx və uzunmüddətli əməkdaşlığın bu cür tədbirlər vasitəsilə daha da gücləndiyini bildirib. Azərbaycan və Almaniya arasındakı ticarət əlaqələri üçün böyük potensialın olduğunu vurğulayan S.Babayev ölkələrimiz arasında əməkdaşlığın sənaye, nəqliyyat, logistika və enerji sahələrində investisiyalar qoyaraq inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Almaniya Federativ Respublikası səfirliyinin missiya rəhbərliyinin müavini Tereza Şönfeld Prezident İlham Əliyevin ötən ilin iyun ayında Berlinə səfərinin iki ölkə arasındakı biznes əlaqələrinin gücləndirilməsinə verdiyi töhfəni xüsusilə diqqətə çatdırıb.

© xezerxeber.az

FOTOQALERIYA






132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR