Neft Fondu keçən ilin mayından indiyədək nə üçün “Şahdəniz” layihəsi üzrə gəlir əldə etmir?

11.10.2017 12:35

Daxili tələbatın ödənilməsi məqsədilə SOCAR tərəfindən əlavə qaz həcmlərinin əldə olunması zərurəti yaranmadığı təqdirdə "Şahdəniz” layihəsindən əldə olunan gəlirlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) yönəldiləcək.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib.

Qeyd olunub ki, "Şahdəniz-1” layihəsi çərçivəsində SOCAR (Azərbaycan dövləti) və alıcılar arasında qazın alqı-satqısı üzrə sazişlər mövcuddur. Həmin sazişlər üzrə müvafiq illik qaz həcmləri müqavilələşdirilib. Sözügedən müqavilələşdirilmiş qaz həcmlərinin SOCAR tərəfindən artıq həcmdə alışı səbəbindən dövlətin payına düşən gəlirlər həmin artıq həcmlərin alışına yönəldilib. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Neft Fonduna 2016-cı ilin may ayından bu vaxtadək "Şahdəniz-1” layihəsi üzrə gəlirlər daxil olmayıb.

"Şahdəniz” layihəsindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna vəsait daxil olmasının bərpası qeyd olunan əlavə qaz həcmlərindən asılıdır. Daxili tələbatın ödənilməsi məqsədilə SOCAR tərəfindən əlavə qaz həcmlərinin əldə olunması zərurəti yaranmadığı təqdirdə "Şahdəniz” layihəsindən əldə olunan gəlirlər Dövlət Neft Fonduna yönəldiləcək”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, bu ilin birinci yarısında Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” qaz-kondensat yatağından 5,1 milyard standart kubmetr təbii qaz və 1,2 milyon ton (təqribən 9,7 milyon barrel) kondensat hasil olunub. İndiyədək isə "Şahdəniz” yatağından təxminən 85 milyard kubmetr qaz, 21,2 milyon ton kondensat hasil edilib. Mövcud "Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 30 milyon standart kubmetr və ya ildə təqribən 10,9 milyard kubmetrdir.

"Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan ("GOGC” şirkətinə) və Türkiyə ("Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edir. İlin birinci yarısında "Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 249 milyon dollar əməliyyat və 1,64 milyard dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2” layihəsinə aiddir.

"Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), "SGC Upstream” (6,7 faiz), "Petronas” (15,5 faiz), "LUKoil” (10 faiz), "NICO” (10 faiz) və "TPAO” (19 faiz).

© xezerxeber.az


41 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR