Azərbaycanda quduzluğun kökünün kəsilməsi üzrə kompleks tədbirlər planı hazırlanır

12.09.2017 11:38

Küçə heyvanlarına nəzarət edilməsi, həmçinin quduzluğun kökünün kəsilməsi ilə bağlı hansı tədbirlər həyata keçirilir?

AZƏRTAC-ın müxbirinin sualına cavab olaraq, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanda quduzluğun kökünün kəsilməsi üzrə kompleks tədbirlər planı hazırlanır. Plana uyğun olaraq "Azərbaycanda quduzluğun kökünün kəsilməsi üzrə Milli Planın tərtibatı” Avropa İttifaqının "Tvinninq” layihəsi çərçivəsində həyata keçiriləcək.

Sahibsiz itlərin insanlara hücum etməsi, quduzluq xəstəliyinin daşıyıcısı olması Dövlət Baytarlıq Nəzarəti Xidmətini də narahat edir. Amma Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ancaq sahibli, qeydiyyatda olan ev heyvanlarını quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirini həyata keçirir. Buna baxmayaraq, DBNX yaxın gələcəkdə vəhşi heyvanların, sahibsiz itlərin də quduzluq xəstəliyinə qarşı vaksinasiyasının aparılmasını nəzərdə tutur.

Avropa İttifaqının dəstəyi və ekspertlərinin iştirakı ilə hazırlanan "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" "Tvinninq” layihəsinin komponentlərinə daxil olan "Azərbaycanda Quduzluğun kökünün kəsilməsi üzrə Milli Planın tərtibatı"nda bu məsələ öz əksini tapıb. Eləcə də, bu sənəddə sahibsiz heyvanların saxlanıldığı sığınacaqların şəraitinin yaxşılaşdırılması, regionlarda sahibsiz itlərin saxlanıldığı sığınacaqların sayının artırılması da yer alıb.

Tədbirlər planında, həmçinin sahibsiz heyvanların artımının qarşısını almaq üçün sterilizasiya tədbirləri və vəhşi heyvanların oral vaksinasiyası da nəzərdə tutulur.

Qeyd olunub ki, 2015-ci ildə pilot layihə çərçivəsində Zaqatala, Balakən zonasında, eləcə də Abşeron yarımadasında vəhşi və sahibsiz heyvanların oral vaksinasiya tədbiri aparılıb. Eləcə də, tədbirlər planında vəhşi heyvanların oral vaksinasiyasının davam etdirilməsi nəzərdə tutulur.

Avropa İttifaqının "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" "Tvinninq” layihəsi çərçivəsində hazırlanan Azərbaycanda Quduzluğun kökünün kəsilməsi üzrə Milli Planın gələn il hökumətə təqdim olunması planlaşdırılır.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR