Aftandil Hacıyev: "Özünü yaxşı hiss etməyən futbolçularımız var"

28.11.2020 14:04

"Hələ koronavirus testlərinin nəticələrini gözləyirik. Sabahadək bütün cavabları alacağıq. Özünü yaxşı hiss etməyən futbolçular var. Amma testin cavabı çıxmamış bunun koronavirusla bağlı olduğunu deyə bilmərik. Gözləmək lazımdır".

Bu fikirləri  "Səbail" komandasının baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ"la keçirəcəkləri matçdan öncə deyib.

39 yaşlı mütəxəssis mövcud durumda Ağdam təmsilçisi ilə görüş barədə danışa bilməyəcəyini söyləyib: "Belə vəziyyətdə bizi daha çox oyunçuların sağlamlığı düşündürür. Hansısa matç haqqında danışmaq çətindir".

Hacıyev "Qarabağ"la qarşılaşmanın təxirə salınma ehtimalını istisna etməyib: "Heyətimiz geniş deyil. Testlərin cavabından çox şey asılıdır. Nəticələri gözləmək lazımdır. Nəzərə almalıyıq ki, əvəzedici komandamız da yoxdur. Bu səbəbdən, mütləq oyuna çıxacağımızı demək çətindir. Bəzi futbolçuların cavablarını almışıq, neqativdir. Digərlərini isə gözləyirik".

Qeyd edək ki, noyabrın 29-da keçirilməli olan "Səbail" - "Qarabağ" matçının saat 16:00-da başlaması nəzərdə tutulur. Daha əvvəl "Səbail"də bir neçə futbolçunun koronavirus testi müsbət çıxıb.

Bu komandalar arasında ilk dövrdəki görüş Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlara daha yaxşı hazırlaşması məqsədi təxirə salınmışdı. Oyun 2021-ci il fevralın 8-də keçiriləcək.

Report.az
Nərmin Məcidli

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR