Lüis Hamilton Formula-1 Kanada Qran-Prisinin qalibi olub

10.06.2019 16:39

"Mersedes”in britaniyalı pilotu Lüis Hamilton Formula 1 sinfində maşınların dünya çempionatının yeddinci mərhələsinin - Kanada Qran-Prisinin qalibi olub.

Hazırkı dünya çempionu L.Hamilton karyerasında 78-ci, mövsümdə beşinci, və Monrealda yeddinci qələbəsini qazanaraq Mixail Şumaxerin rekordunu təkrarlayıb.

"Ferrari”nin pilotu alman Sebastyan Fettel finiş xəttini birinci keçib. L.Hamilton ondan 1,342 saniyə geri qalıb. Lakin 48-ci dövrədə trasa təhlükəli qayıdışına görə finişdə Fettelin vaxtına 5 saniyə cərimə əlavə olunub.

S.Fettel trasa qayıdarkən L.Hamiltonun yoluna çıxaraq, az qala onun divara çırpılmasına səbəb olub.

S.Fettel deyib: "Mən trasa otun üstündən keçərək, qayıtmağa məcbur oldum. Nə edə bilərdim ki? Bu, onun səhvidir, çünki yolun o biri hissəsindən keçdi. Bəxtim gətirdi ki, özüm divara çırpılmadım. Bu ədalətsizlikdir. Qəzəbliyəm və buna tam haqqım çatır”.

Nəticədə S.Fettel ikinci yerlə kifayətlənməli olub. Üçüncü yeri Fettelin komanda yoldaşı Şarl Lekler tutub.

Hiddətlənmiş Fettel finişdən sonra mətbuata müsahibə verməkdən imtina edərək stüardların otağına qalxıb. Onun cəriməyə etiraz etmək cəhdləri uğursuz olub. Fettel yürüşdə yekun yerlərinin qeyd edildiyi lövhələri də dəyişdirib.

L.Hamilton 162 xalla şəxsi hesabda liderliyini möhkəmləndirib. İkinci yerdə onun komanda yoldaşı Valtteri Bottas (132), üçüncü yerdə S.Fettel (100) gəlirlər. "Mersedes” 294 xalla Konstruktorlar Kubokunda "Ferrari”dən (172) xeyli irəlidədir.

Növbəti Formula 1 Qran-Pri mərhələsi iyunun 21-23-də Fransada keçiriləcək.

© xezerxeber.az


186 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR