Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək

26.04.2019 09:06

Bu gün Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü – SOCAR Azərbaycan Qran-Pri yarışlarına start veriləcək.

Xezerxeber.az xəbər verir ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.

Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Lyuis Hemilton, Sebastyan Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar.

Nadir xüsusiyyətlərə malik Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.

Layihənin müəllifi bütün müasir Formula 1 treklərinin memarı olan Herman Tilkedir.

Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqama xüsusi diqqət yetiriblər. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əksi istiqamətində olacaq. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə biləcək.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Bu gün Formula 1 və Formula 2 üzrə sərbəst yürüşlər təşkil olunacaq. Aprelin 27-də Formula 1 üzrə sərbəst və sıralama yürüşü, Formula 2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – aprelin 28-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisi, həmçinin Formula 2 üzrə ikinci yürüş baş tutacaq.

© xezerxeber.az


266 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR