Azərbaycan millisinin futbolçusu döyülməsi barədə açıqlama yayıb

23.04.2019 14:14

"Təəssüflər olsun ki, haqqımda yayılan "son xəbərlər” hardasa doğrudur”.

Bunu Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.

34 yaşlı veteran 3 gün əvvəl yaşanan xoşagəlməz hadisə ilə bağlı fikirlərini açıqlayıb. O, sosial şəbəkədə döyülmə faktını təsdiqləyib: "Hadisə belə olub. Şənbə günü, axşam saatlarında yaşadığım evin yaxınlığındakı mağazadan alış-veriş etmək üçün maşını saxladım, park etdikdən sonra gödəkçəmi geyinmək istəyərkən iki nəfər mənim yanımdan keçirdi. Qaranlıq olduğundan sifətlərini görmədim. Biri mənə nəsə dedi və yanımdan maşınımın yanına keçdi. O biri isə qarşımda dayandı. Bu vaxt boynumdan küt bir zərbə hiss etdim, səndələdim, geri dönmək istədikdə isə qarşımda dayanan mənə tərəf təpik atdı. Əlimdəki pul kisəsini almağa çalışdı. Mən də müqavimət göstərməyə çalışdım. Bu vaxt bizə tərəf gələn bir maşının işıqları üstümüzə düşüncə hərəsi bir tərəfə qaçıb uzaqlaşdılar. Ciddi bir xəsarət almadım, heç yerə müraciət etmədim və heç kəsdən də şikayətçi olmadım. Nə etmək olar, bu həyatdır. Arayıb maraqlandıqları üçün hər kəsə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bir də belə şeylər başıma gəlməz. Çünki cəmiyyətimizdə idmançılara qarşı bir qarşılıqlı sayğı vardır”.
Qeyd edək ki, sabiq müdafiəçinin döyülməsi xəbərini ilk olaraq ONA yayıb. Məlumatda bildirilir ki, hadisə Xətai rayonu N.Rəfiyev küçəsində qeydə alınıb.

2 nəfər naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb. Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır. (ONA)

© xezerxeber.az


209 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR