Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Bu gün Azərbaycan Premyer Liqasının XVI turuna yekun vurulacaq

10.02.2019 13:01

Bu gün Azərbaycan Premyer Liqasının XVI turuna yekun vurulacaq.

Xezerxeber.az xəbər verir ki, turun son günündə iki qarşılaşma keçiriləcək. Günün ilk oyunu lider "Neftçi" ilə "Keşlə" klubu arasında baş tutacaq. "Flaqman" qələbə qazandığı təqdirdə, ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini yenidən 3-ə yüksəldəcək. Hazırda 34 xala malik "ağ-qaralar" ötən tur səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə ediblər.

"Keşlə" isə öz meydanında "Səbail"ə uduzub - 0:3. Tərlan Əhmədovun baş məşqçi olduğu komanda 12 xalla 7-ci pillədə qərarlaşıb.

T.Əhmədov üçün bu qarşılaşma prinsipial xarakter daşıyır. O, ötən mövsümün böyük bölümü ərzində rəhbərlik etdiyi və bürünc medal qazandırdığı "Neftçi"dən istefaya göndərilib. Bu mövsüm "Keşlə"yə rəhbərlik edən 48 yaşlı mütəxəssis ikinci dövrədə sabiq komandası ilə üz-üzə gəlib. Həmin matçda "ağ-qaralar" minimal hesablı qələbə qazanıblar - 1:0.

"Keşlə"nin heyətində Conatan Ayite və Davud Kərimi zədəlidir. "Neftçi"də isə Canluka Sansone məhz bu görüşdə debüt edə bilər. Bu, baş versə Premyer Liqada ilk italiyalı futbolçu çıxış edəcək.

Ümumiyyətlə, iki komanda indiyədək 57 dəfə üz-üzə gəlib. Bunların 29-da "Neftçi", 14-də isə "Keşlə" qalib gəlib. Daha 14 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində flaqman öndədir - 87:58. Lider son 13 görüşün hamısında qol vurub və axırıncı 12 qarşılaşmada heç-heçə qeydə alınmayıb. Digər tərəfdən, "ağ-qaralar” ardıcıl 6 ev oyununda qələbə qazanıb.

"Bakcell Arena"da baş tutacaq görüş 14:00-da başlayacaq.

Tura "Dalğa Arena"da "Səbail" - "Zirə" matçı ilə yekun vurulacaq. Hazırda 24 xalla 3-cü pillədə olan meydan sahibləri qələbə qazanacaqları təqdirdə mövqelərini daha da yaxşılaşdıracaqlar. Ötən gün "Qəbələ" səfərdə "Sabah"ı 1:0 hesabı ilə yendikdən sonra "Səbail"lə xal fərqini minimuma endirib. Bu səbəbdən, Aftandil Hacıyevin baş məşqçi olduğu komandaya mütləq qələbə lazımdır.

On xalla sonuncu yerdə gedən "Zirə" isə ötən tur "Sabah"a 0:2 hesabı ilə məğlub olub. Qəsəbə təmsilçisi özündən 2 xal irəlidəki "Keşlə"ni keçmək üçün mütləq qələbə qazanmalıdır. Meydan sahiblərindən Vüqar Mustafayev ötən tur qırmızı vərəqə aldığı üçün meydana çıxmayacaq.

"Səbail" və "Zirə" çempionatda 7-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki qarşılaşmalardan 1-də "Səbail", 3-də isə "Zirə" qalib gəlib, daha 2 görüş heç-heçə yekunlaşıb. Topların nisbəti də "qartallar"ın xeyrinədir - 5:2. "Zirə” son 2 oyunda qələbə qazanmayıb. "Səbail”in yeganə qələbəsi ilk dövrədə texniki nəticə hesabına gerçəkləşib. Digər tərəfdən, Samir Abbasovun baş məşqçi olduğu kollektiv Azərbaycan Kubokunun dörddəbir finalında məhz bugünkü rəqibini üstələyib - 1:0, 3:2.

Qeyd edək ki, turun ilk oyun günündə səfərdə "Qəbələ" "Sabah"a 1:0, "Qarabağ" "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib.

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR