İspanlarla ingilislər susdu, italyanlar coşdu

09.02.2019 16:38

Futbolda qış transfer pəncərəsi başa çatdıqdan sonra "KPMG Football Benchmark" Avropanın "böyük beşlik" ölkələrində transfer xərclərini analiz edib.

UEFA-nın "Maliyyə fair-playı" qaydaları səbəbindən 5 böyük çempionatın iştirakçıları bu transfer pəncərəsində yeni futbolçuların alınmasına böyük pullar xərcləməyib. 5 böyük çempionatda ümumilikdə yeni futbolçuların alınmasına 653.9 milyon dollar sərf olunub. Ötən qış bu rəqəm 979.1 milyon dollar olmuşdu.

La Liqa klubları 81 milyon dollar xərcləyib

Ötən qış transferlərə 482.8 milyon dollar xərcləyən İngiltərə klubları bu dəfə 216.5 milyon dollar xərcə düşüb. 2018-ci ilin qışında transferlərə 361.3 milyon dollar xərcləyən İspaniya klublarının isə kassasından bu dəfə cəmi 81.1 milyon dollar çıxıb.

Dünyanın iki ən böyük çempionatında transfer xərcləri kəskin azaldığı vaxtda İtaliya klubları transfer dönəminə damğa vurub. Keçən qış cəmi 22.8 milyon xərcləyən A Seriyası klublarının xərcləri bu dəfə 180.6 milyon dollar olub.

İtalyanlarla yanaşı, Fransa və AKlmaniya klubları da ötən mövsümlə müqayisədə transfer xərclərini artırıb. Liqa 1 klubları 91.6 milyon dollar xərcləyibsə, Bundesliqada bu rəqəm 84.1 milyon dollar olub.

Ən bahalı transfer - 64 milyon avro

Qış transfer pəncərəsinin ən bahalı keçidini "Çelsi" edib. London klubu Kristian Pulişiç üçün Dortmund "Borussiya"sına 64 milyon avro ödəyib. Amma Pulişiç anlaşmaya əsasən, mövsümün sonuna qədər Almaniya klubunda çıxış edəcək.

İtaliyanın "Milan" klubu isə "Cenoa"dan Kriştof Pyatek və "Flamenqo"dan Lukas Paquetanın hər biri üçün 35 milyon avro ödəyib.

Bu qışın ən bahalı 5 transferi

1. Kristian Pulişiç ("Borussiya"dan "Çelsi"yə) - 64 milyon avro
2. Lukas Paqueta ("Flamenqo"dan "Milan"a) - 35 milyon avro
3. Kriştof Pyatek ("Cenoa"dan "Milan") - 35 milyon avro
4. Dominik Solanke ("Liverpul"dan "Bornmut"a) - 21.2 milyon avro
5. Conni Kastro ("Atletiko"dan "Vulverhempton"a) - 20.5 milyon avro

Fanat.Az

© xezerxeber.az


305 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR