Xəzər Xəbər

Dövlət Gömrük Komitəsi 26 ton kartofu məhv etdi - FOTO

İqtisadiyyat | 19:53 • 16 Noyabr 2018
Dövlət Gömrük Komitəsi 26 ton kartofu məhv etdi -

Noyabrın 16-da Sumqayıt Təmizlik Departamentinin tullantıların zərərsizləşdirilməsi poliqonunda gömrük orqanları tərəfindən gömrük nəzarəti altında saxlanılan və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laborator müayinələr nəticəsində tərkibində gövdə nematodu aşkarlanmış 26042 kiloqram kartof mal sahibinin müraciəti əsasında, Gömrük Məcəlləsinin 331-ci maddəsinə əsasən məhv edilib.


Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər ki, malların məhvolma prosesində DGK-nın Bakı Baş Gömrük İdarəsinin və AQTA-nın 1 saylı Regional Bölməsinin əməkdaşları və bir sıra media nümayəndələri də iştirak ediblər.


Qeyd edək ki, noyabrın 8-də Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 99 ZC 209 dövlət nömrəli nəqliyyat vasitəsilə Gürcüstandan ölkəmizə idxal edilən kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranmışdı. Buna görə də gömrük qurumları Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib, agentliyin məhsuldan götürdüyü nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunmuşdu. Beləliklə, müvafiq qurumlar kartofun geri qaytarılmasının təhlükəlilik dərəcəsini nəzərə alaraq həmin məhsulun məhv edilməsinə qərar veriblər.

Xəbər lenti