Xəzər Xəbər

Əhalinin gəlirləri 50 milyard manata çatıb

İqtisadiyyat | 15:46 • 17 Yanvar 2018
Əhalinin gəlirləri 50 milyard manata çatıb

2017-ci ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 8,3% artaraq 49 mlrd. 162,9 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər 5050,5 manat və ya ayda orta hesabla 420,9 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 44983,3 mln. manatlıq vəsait qalıb.

Bundan başqa ötən ilin sonuncu ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,72) manata, 1 Avroya-2,01 manata (1,94), 100 Rus rubluna 2,90 manata (2,95) bərabər olub. 2017-ci ildə ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki illə müqayisədə 0,1% artaraq 70135,1 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən ÜDM 7205,0 manat, yaxud 4186,3 ABŞ dolları təşkil edib.

Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunmuş əlavə dəyər 2016-cı ilə nisbətən 2,7% artıb, onun ÜDM-də xüsusi çəkisi 62,8% olub. Neft sektorunda əlavə dəyər 5% azalıb. Bu dövrdə nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmış əlavə dəyər 2016-cı illə müqayisədə 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5%, sosial və digər xidmətlər sahələrində 1,5% artıb, sənaye və tikintidə isə müvafiq olaraq 4,2% və 1,5% azalıb.

Eyni zamanda qeyri-neft sənayesinin əlavə dəyərində 3,8% artım müşahidə olunub. Ümumi daxili məhsulun 40,1%-i sənayedə, 10,4%-i ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 9,5%-i tikintidə, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 16,4%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,3%-ni təşkil edib.

Xəbər lenti