Oktyabr 20-ndə "Cənub
Qaz Dəhlizi" QSC və Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank
for Reconstruction and Development, EBRD) arasında TANAP layihəsinin
dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanıb.
Maliyyə Nazirliyindən
XəzərXəbər-ə verilən məlumata görə, 500 mln. dollar məbləğində olan kredit sazişini
QSC-nin baş direktoru Əfqan İsayev və EBRD-nin enerji və təbii sərvətlər
bölməsinin Rusiya, Qafqaz,
Mərkəzi Asiya üzrə direktoru Aida Sitdikova, kredit müqaviləsinə dair
zəmanət sazişi isə Azərbaycan hökuməti adından maliyyə naziri Samir
Şərifov və A. Sitdikov arasında imzalanıb.
Bundan əvvəl, 18 oktyabr 2017-ci il tarixində "Cənub Qaz Dəhlizi" QSC TANAP-ın
maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 18 il müddətinə 500
mln. dollar məbləğində kreditin ayrılmasına dair EBRD-nin Direktorlar
Şurası müsbət qərar qəbul edib.
S. Şərifov imzalanma mərasimində
bildirib ki, Azərbaycanın liderliyi və təşəbbüskarlığı ilə
reallaşdırılan "Cənub Qaz Dəhlizi" layihəsinə EBRD, Asiya İnfrastruktur
İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər aparıcı beynəlxalq
maliyyə qurumları tərəfindən verilən dəstək bu qlobal enerji layihəsinə
inam və etibarın bariz nümunəsidir. Nazir prezident İlham Əliyevin "Cənub Qaz Dəhlizi"ni enerji təhlükəsizliyi layihəsi adlandırdığını xatırladaraq bu layihənin təkcə Azərbaycan üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulayıb.
Ə.
İsayev "Cənub Qaz Dəhlizi" layihəsinin Azərbaycan qazının qlobal enerji
bazarlarına çıxışına xidmət edəcəyini və milli iqtisadiyyatın
inkişafına öz əhəmiyyətli töhfəsini verəcəyini bildirərək, bu
istiqamətdə görülmüş işlər barədə məlumat verib: "QSC tərəfindən Cənub
Qaz Dəhlizi layihəsi üzrə (mövcud "Şahdəniz-1" və "Cənubi Qafqaz
Boru Kəməri" layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla)
ümumi tələb olunan təqribən 11,8 mlrd. dollar məbləğində vəsaitdən
indiyədək 7,8 mlrd. dollar hissəsi, yəni təqribən 66%-i icra edilib.
Bundan cari ilin əvvəlindən bu günədək 1,9 mlrd. dollar məbləğində investisiya
qoyulub. Layihə çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağının
istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk
qazın hasilatına dair) 96%-i, "Cənubi Qafqaz Boru Kəməri"nin genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 98%-i yerinə yetirilib, TANAP-ın inşası üzrə işlərin 82%-i, TAP kəmərinin inşası üzrə isə işlərin 53%-i icra edilib. İnşaat işləri uğurla davam etdirilir".
A.Sitdikova
isə EBRD və Azərbaycan arasında mövcud əməkdaşlığı yüksək
qiymətləndirərək vacib tərəfdaş kimi Azərbaycanla bundan sonra da
əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
"Cənub
Qaz Dəhlizi" QSC Azərbaycan prezidentinin "Şahdəniz qaz-kondensat
yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin
yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25
fevral 2014-cü il tarixli, 287 nömrəli sərəncamı əsasında yaradılmış və
səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə,
49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.