Elnur Quliyev: "Bazarda "bitcoin”ə tələb ona görə artır ki, insanlarda ona inam və maraq yüksəlib”
Rəqəmsal pul vahidi "bitcoin”, 2017-ci ilin
əvvəlindən bu yana təxminən 350 faiz bahalaşıb. İlin əvvəlində 1000
dollardan aşağı olan virtual pulun dəyəri 13 oktyabr tarixinə 5 min 765
dollar təşkil edir. Mütəxəssislərin fikrincə, virtual pul vahidi
"bitcoin”, Yaponyadakı tələbin təsiri, ABŞ və Şimali Koreya arasında
artan gərginlik ilə əlaqədar olaraq bahalaşır.
Qeyd edək ki, artıq bəzi ölkələrin mərkəzi bankları bu puldan
istfiadə etməyi düşünür. Bu fonda Azərbaycanda da bu məsələ gündəmə
gəlir. Lakin ekspertlər yaxın bir neçə ildə ölkəmizdə "bitcoin”i ödəniş
vasitəsi kimi görmürlər.
Mövzu ilə bağlı "Mövqe”yə açıqlama verən kriptovalyuta üzrə mütəxəssis,
iqtisadçı Elnur Quliyev bildirir ki, "bitcoin”in bahalaşmasının bir sıra
səbəbləri var: "İlk növbədə tələb və təklif amilini göstrəməliyik.
Bazarda "bitcoin”ə tələb ona görə artır ki, insanlarda ona inam və
maraq yüksəlib. Bəzi insanlar maraqdan, bəzi isə inamdan "bitcoin” alır.
İkincisi, dekabr ayının 26-da"bitcoin gold” yaranacaq. Nə qədər
"bitcoin” varsa, o qədər "bitcoin gold” əldə ediləcək. Ona görə də hər
kəs hazırda "bitcoin” almaqda maraqlıdır ki, o qədər "bitcoin gold”
qazansın. Nəzərə alaq ki, iki ay əvvəl "bitcoin cash” yarananda da belə
olmuşdu. Yəni "bitcoin”ə tələbin artmasının bir səbəbi də "bitcoin
gold”un gəlişidir. Bundan başqa, ümumiyyətlə, birjalara təsir edən əsas
amil informasiyadır. Mənfi informasiya yaratmaqla qiymətləri aşağı
salmaq mümkündür.”
Ekspertin fikrincə, yaxın üç il ərzində Azərbaycanda "bitcoin”in
fəaliyyətə başlaması real görünmür: "İnsanların çoz az hissəsinin
kriptovalyuta haqqında informasiyası var. Azərbaycanda hələ insanlar
nağd əməliyyatlara üstünlük verirlər. Bundan başqa, kriptovalyutaya
keçid üçün bu, ölkə daxilində dövlət səviyyəsində qəbul edilməlidir.
Ancaq bəzi insanlar indidən "bitcoin” alıblar. Bilirlər ki, onun qiyməti
qalxacaq. Dövlət bunu ödəniş vasitəsi kimi qəbul etməlidir ki, insanlar
istifadə edə bilsinlər. Yəni, ölkəmizdə "bitcoin”in fəaliyyətə
başlamamasının ilk səbəbi insanların bunun haqqında informasiyasının
olmamasıdır.
İkincisi, heç bir dövlət qurumu buna rəsmi səviyyədə münasibət
bildirməyib. Sadəcə, Vergilər Nazirliyində "Blkockchain” texnologiyasi
ilə bağlı seminar keçiriblər. Hansı ki, "bitcoin” onun əsasında
işləyir. Amma texnologiya ilə maraqlanmağın özü müsbət faktordur. Nəzərə
alaq ki, "Blkockchain” texnologiyası internetin icadı kimi yenilikdir.
"Blkockchain” texnologiyası "bitcoin” ilə bir yerdə yaranıb. Ancaq
yalnız kriptovalyutalara aid deyil. "Blkockchain” texnolgiyasından digər
sahələrdə - səhiyyədə, təhsildə istifadə etmək olar”.
İqtisadçının sözlərinə görə, "bitcoin” çox yüksək riskli investisiyadır:
"Hazırda 1100-dən çox kriptovalyuta var. Sadəcə, "bitcoin” ilkdir və
sahibi yoxdur. Ona görə də "bitcoin”də spekulyativ faktorlar daha
çoxdur. Buna baxmayaraq, yüksək gəlirlidir. Ötən həftə "bitcoin”in
qiyməti 4190 dollar idi. İndi isə qiyməti 5600 dollara çatıb. Hansı ki,
belə bir marja da heç bir investisiyada yoxdur. Yəni yüksək gəlirli və
yüksək risklidir. Ona görə də "bitcoin” almaq üçün mütəxəssislə
məsləhətləşmək lazımdır. Bununla bağlı müxtəlif proqnozlar var. Nəzərə
alaq ki, indiki qiymətləri may ayından proqnoz verilmişdi. İlin sonuna
qədər "bitcoin”in qiymətinin 6 min dolları keçməsi gözlənilir. 2018-ci
ildə isə 10 min dollar olacağı proqnozlaşdırılır”.
Elnur Quliyev əlavə etdi ki, "bitcoin”a marağın artmasının səbəbi var:
"Cari ilin aprel ayından etibarən Yaponiya hökuməti "bitcoin”i ödəniş
vasitəsi kimi qəbul etdi. Ondan sonra "bitcoin”in qiyməti qalxmağa
başladı. Onu da nəzərə alaq ki, Yaponiya dünyanı iqtisadi proseslərdə,
texnologiyada təxminən 10 il qabaqlayır. Onlar bunu ediblərsə, deməli,
2009-cu ildə fikirləşiblər”.