Əlilliyin
qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi
məqsədilə 2018-ci ilin may ayının əvvəlində Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən aparılan
araşdırmaların ilkin nəticələrinə əsasən, cari ilin birinci rübündə risk
qrupu xəstəlikləri ilə əlaqədar yanlış əlillik təyinatları barədə
qərarlar dərhal ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və
təqaüd ödənişləri dayandırılıb və onlara ödənilmiş vəsaitin dövlət
büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb.
Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev qeyd olunan İşçi Qrupun növbəti iclasında diqqətə
çatdırıb. Nazir bildirib ki, araşdırmalar davam etdirilir və İşçi Qrupu
artıq cari ilin ikinci rübü üzrə aparılmış əlillik təyinatları üzrə
araşdırmaya başlayıb.
İclasda S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırığına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi sisteminin tam
şəffaflaşdırılması, saxta əlillik təyinatlarının qarşısının alınması,
eyni zamanda, əlillik təyinatında bir sıra hallarda özünü göstərən
subyektivlik və süründürməçilik hallarının aradan qaldırılması üçün
sistemli işlərin davam etdirildiyini vurğulayıb.
Nazir qeyd edib
ki, həmçinin mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə və məmur
subyektivliyinə zəmin yaradan boşluqların aşkar edilərək aradan
qaldırılması, əlillik təyinatlarında ünvanlılığın təmin olunması
məqsədilə "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə,
"Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması
meyarlarına dair Əsasnamə”yə və "Tibbi-sosial ekspertiza müayinəsinə
göndərişlərin verilməsi Qaydaları”na əlavə və dəyişikliklər üzrə
təkliflər paketi hazırlanır. Əlillik təyinatının əmək qabiliyyətinin
itirilmə faizi əsasında aparılması ilə əlaqədar müasir dünya təcrübəsi
öyrənilir və milli səviyyədə tətbiqi məsələləri araşdırılır.
S.Babayev
əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin strukturunun
təkmilləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq
şəraitində görülən işləri diqqətə çatdırıb. O bildirib ki, mövcud
informasiya sistemlərindən və bazalarından istifadə edilməklə müxtəlif
araşdırmaların aparılması və əlillik təyinatı üçün göndərilən hər bir
xəstəyə dair ən azı 3 illik dövr üzrə xəstəlik tarixçəsinin
elektronlaşdırılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu resursa çıxışının təmin edilməsi istiqamətində birgə fəaliyyət müstəvisində kompleks işlər aparılır.
İclasda
"Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”nın tələblərinə
uyğun olaraq əlillik üzrə sosial modelin prinsiplərini özündə ehtiva
edən "Fərdi reabilitasiya proqramın”ın İşçi Qrupu tərəfindən hazırlanmış
layihəsi müzakirə olunub. Daha sonra bərpa və reabilitasiya sisteminin
təkmilləşdirilməsi üzrə nazir tərəfindən verilmiş tapşırıqların icrası
üzrə İşçi Qrupun məruzəsi dinlənilib.
Əlilliyin təyin olunması
sahəsində şəffaflığın təmin edilməsi, saxta əlillik təyinatlarının
qarşısının alınması, sistemin təkmil əsaslarla qurulması üçün inzibati
və sistem xarakterli tədbirlər üzrə görülmüş işlər, hazırlanmış
təkliflər ətraflı müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.