Xəzər Xəbər

Təbii qazdan istifadədə limiti keçənlər – Bu xəbəri mütləq izləyin! - VİDEO

Veb TV | 09:55 • 13 Dekabr 2017
Təbii qazdan istifadədə limiti keçənlər –

Artıq 2017-ci il başa çatmaq üzrədir. Yeni ilin gəlişini səbirsizliklə gözləyən qaz abonentləri var. Söhbət o abonentlərdən gedir ki, 2017-ci il üçün müəyyənləşdirilmiş 1700 kubmetrlik limitdən tam istifadə ediblər. Ancaq burda bir məsələ də var: limiti keçmiş abonent sayğacının balansına yüklədiyi məbləğdən yeni ildən hansı tarif əsasında istifadə edəcək? "Azəriqaz" istehsalat birliyi bu suala aydınlıq gətirib.

Tarif Şurasının qərarı ilə 2017-ci ilin yanvar ayının 1-dən təbii qaz istehlakçıları üçün 1700 kubmetrlik limit ayrılmışdı. Qərara əsasən, il ərzində limitə qədərki qaz sərfiyyatı hər kubmetr üçün 10, limitdən artıq istifadə olunan hər kubmetr qaz üçün isə 20 qəpik tarif müəyyənləşdirilmişdi.

Kimisi bu limitə çatmasa da, bəziləri indiyə qədər 1700 kubmetrdən artıq qaz istifadə edib və limiti aşıb. Təbii olaraq onun üçün qaz tarifi hər kubmetr üçün 20 qəpikdən hesablanıb. 2017-ci ilin başa çatmaqda olduğu bu günlərdə isə abonentləri bir məsələ maraqlandırır: son bir neçə gün ərzində sayğaca yüklənən məbləğ tam istifadə olunmadan növbəti ilə keçərsə, tarif necə hesablanacaq? "Azəriqaz" İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbalayev deyir ki, balans bitənə qədər onlar yeni limitdən, yəni 10 qəpiklik tarifdən yararlana bilməyəcəklər.

"Azəriqaz"ın rəsmisinin sözlərinə görə, yeni tarifin tətbiqindən asılı olmayaraq, limiti aşan abonent bu günlərdə balansına çox pul yükləsə, hər kubmetrə görə 20 qəpik ödəməli olacaq. Yalnız məbləğ bitdikdən sonra 10 qəpik tarifi işə düşəcək.

Təyin olunan limitdən qənaətli şəkildə istifadə edənləri isə balanslarındakı limitin aqibəti düşündürür. Azəriqaz istehsalat birliyi bəyan edir ki, bu il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq.

Abonentlərə tövsiyyə olunur ki, dekabrın son günlərində sayğaca istifadə edəcəkləri qədər məbləğ yükləsinlər və yalnız bu halda 2018-ci ildə 10 qəpik tarifinə dərhal qoşula biləcəklər.

Xəbər lenti