Daxili işlər və
prokurorluq orqanlarının əməkdaşlarının yüksək peşəkarlıqla birgə həyata
keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində son bir neçə
ayda şəxsiyyət əleyhinə olan ağır və xüsusilə ağır cinayətlər törətməkdə
şübhəli bilinən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam
Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı
Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. Daxil
olan məlumat əsasında şəhər prokurorluğu və Sumqayıt Şəhər Polis
İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin
iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, zəruri prosessual
hərəkətlər yerinə yetirilib.
Sumqayıt
ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində
hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəhər
sakinləri Yunus Camallı, Natiq Babaverdiyev, Şəki şəhər sakini Pərvin Əlməmmədov, Ağsu rayon sakini Zahid Dünyamalıyev və İmişli
rayon sakini Ceyhun Talıblı tutularaq istintaqa cəlb olunublar.
Aparılan ilkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki,
Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev
quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir
olub oktyabrın 11-də gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana
gəlib evə qanunsuz daxil olaraq S.Mohtatini qəsdən öldürüblər. Amma
dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər. Qeyd
edək ki, həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi
mənzilin qonşuluğunda usta işləyən Y.Camallı digər dəstə üzvlərinə
təklif edib.
Dəstə
üzvləri qeyd edilən cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə
gediblər. O, hadisədən sonra yenidən dəstə üzvləri ilə Novxanı
qəsəbəsində görüşərək onların hər birini yaşadıqları ünvanlara aparıb.
Saxlanılan şəxslərin ətraflarında Sumqayıt ŞPİ-də aparılan əlavə
əməliyyat tədbirləri ilə onların cari ilin avqustun 14-də Kürdəmir
rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın
etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşı
Rənanın əl-ayağını yapışqanlı lentlə bağlayaraq mənzildə olan pul və
qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.
Qeyd edək ki, Kürdəmir
rayonunda baş verən quldurluq hadisəsində P. Əlməmmədovun tanışı Rəşidə
Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, saxlanılan digər şəxslərə
Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqsədlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir
rayonuna gedərək qohumunun evinin yerini onlara göstərib. Sumqayıt ŞPİ
əməkdaşlarının həyata keçirdikləri əlavə əməliyyat-axtarış tədbirləri
nəticəsində R. Seydiyeva da saxlanılaraq istintaqa təqdim olunub.
Hazırda qeyd olunan cinayət işləri üzrə zəruri istintaq və
əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, öldürülən
Mohtati Saman Nemat oğlu Azərbaycan Tibb Universitetinin tələbəsi olub.