Xəzər Xəbər

Azərbaycan Premyer Liqasında 5-ci tura start veriləcək

İdman | 11:36 • 22 Sentyabr 2018
Azərbaycan Premyer Liqasında 5-ci tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

İki günü əhatə edəcək turun açılış matçı "Bayıl Arena"da baş tutacaq. "Səbail" doğma meydanda Premyer Liqanın debütantı "Sabah"ı qəbul edəcək. Bu komandalar indiyədək heç bir rəsmi görüşdə qarşılaşmayıblar.

Günün ikinci matçında bir xalla sonuncu pillədə qərarlaşan "Zirə" turnir cədvəlinin ilk pilləsində yer alan "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Komandalar bu vaxta qədər çempionatda 12 dəfə üz-üzə gəliblər. Bu oyunlardan 8-də "Zirə", 1-də isə "Neftçi" qələbəyə sevinib. Üç görüş isə heç-heçə başa çatıb. Topların fərqində də qəsəbə təmsilçisi öndədir - 15:7. Flaqman son iki çempionat oyununda rəqibinə uduzmayıb.

Turun digər iki oyunu isə sabah keçiriləcək. Keçirdiyi 4 oyunda yalnız bir xal toplaya bilən "Keşlə" doğma meydanda "Sumqayıt"la üz-üzə gələcək. Komandalar çempionatda 24 dəfə qarşılaşıblar. Bunlardan 12-də meydan sahibləri 5-də isə qonaqlar qələbə qazanıb. 7 görüş isə heç-heçə yekunlaşıb. Topların fərqində də paytaxt təmsilçisinin üstünlüyü var - 36:22. "Gənclik şəhəri" təmsilçisi ardıcıl 4 çempionat oyununda rəqibinə məğlub olmayıb. "Keşlə" isə "Sumqayıt"a qarşı keçirdiyi son 3 matçda xal qazana bilməyib. Paytaxt klubu həmçinin Premyer Liqada ardıcıl 13 görüşdə meydanı qolsuz tərk etməyib.

Tura mərkəzi görüş hesab olunan "Qarabağ" - "Qəbələ" matçı ilə yekun vurulacaq. Bu komandalar Premyer Liqada 38 dəfə qarşılaşıblar. Bunlardan 18-də Ağdam təmsilçisi 10-da isə "Qəbələ" meydanı 3 xalla tərk edib. 12 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də son ölkə çempionu üstündür - 49:36. Komandalar arasında çekirilən üç çempionat oyununda 1-dən çox qol vurulmayıb. "Qarabağ" rəqibinə qarşı keçirdiyi 6 ev oyununun heç birində uduzmayıb.

Azərbaycan Premyer Liqası V tur

22 sentyabr (şənbə)

"Səbail” – "Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cəmil Quliyev, Ramil Əhmədov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

"Bayıl Arena”, 18:30

"Zirə” – "Neftçi”

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Akif Əmirəli, Ömər Paşayev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Şaiq Həmidov

"Dalğa Arena”, 20:30

23 sentyabr (bazar)

"Keşlə” – "Sumqayıt”

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Elman Musayev, Rəhim Həsənov

Hakim-inspektor: Əli Hüseynov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

"ASK Arena”, 18:30

"Qarabağ” – "Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov

Hakim-inspektor: Məhəmməd Məmmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

"Azersun Arena”, 20:30

Xəbər lenti