Xəzər Xəbər

Şəhid və qazi ailələrinə xüsusi kart veriləcək

Gündəm | 13:20 • 8 Yanvar 2021
Şəhid və qazi ailələrinə xüsusi kart veriləcək

"Şəhid və qazilərin ailələri üçün problemlərin çoxu tibbi xərclərlə bağlıdır. Vəsait olarsa, "YAŞAT" Fondu məsələləri kompleks həll etməyə çalışacaq".

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. 

Onun sözlərinə görə, bu şəxslər tibbi sığorta olunsa, tibbi problem olanda heç bir yerə müraciət etmədən sığorta ilə müalicə etdirə bilərlər: "Şəhid və qazilərin övladları üçün ikinci məsələ təhsil xərcləridir. Müasir dövrün əsas ixtisaslarına yiyələnmələrini, Türkiyədə də təhsil alma imkanı yaradılmasını istəyirik. Bundan başqa, YAŞAT kartı haqqında düşünürük. Hər bir şəhid, qazi ailəsinə veriləcək o kartda marketlər, nəqliyyat, əylənə mərkəzi, otellərdə xüsusi güzəştli paketlər olacaq. Bu kart həmin yerlərdə ailənin adlı kartı olacaq. Planlar çoxdur, məsələlərin cari və kompleks həlli üçün çalışırıq. Amma Fond dövlət strukturu deyil, bu Fond vətəndaşlar üçün yaradılıb. Vətəndaşlar ianə edərsə, həmin ailələrə daha çox yardım edəcək, olmasa, fəaliyyət dairəmiz məhdudlaşacaq. Düşünürəm ki, xalqımız bu məsələyə xüsusi həssaslıqla yanaşır".

Ü.Mehdiyev onu da deyib ki, mart ayına qədər "YAŞAT" Fondu Vətən müharibəsində olan 2800-dən çox şəhid ailəsi, eyni zamanda yaralıların problemləri ilə məşğul olacaq.


Onun sözlərinə görə, mart ayından sonra isə Fond tərəfindən 2020-ci ilə qədər şəhid olanların ailələri və Qarabağ qazilərinə də yardım nəzərdə tutulub.


Xəbər lenti