Xəzər Xəbər

DİN sosial şəbəkədə yayılan məlumatlara CAVAB VERDİ 4 nəfər tutulub

Gündəm | 13:54 • 15 Sentyabr 2020
DİN sosial şəbəkədə yayılan məlumatlara CAVAB VERDİ

Daxili İşlər Nazirliyi Balakən rayonunda baş verən hadisə ilə bağlı məlumat yayıb.


DİN mətbuat xidmətinin Şəki regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən reyd zamanı Qabaqçöl qəsəbəsi ərazisində yerləşən mağazada obyekt sahibi və onun oğlunun diqqətinə pandemiya şəraitinə uyğun olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi çatdırılıb. Bu zaman həmin şəxslər polis əməkdaşları tərəfindən tutulan iradlardan nəticə çıxarmayaraq, tabesizlik göstəriblər. Daha sonra 2 nəfər qəsəbə sakini də polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, onlara qarşı müqavimət göstərməyə cəhd ediblər. Bundan sonra bir qrup qəsəbə sakini həmin əraziyə toplaşıb. Polis Şöbəsinin rəhbərliyi hadisə yerinə gələrək, onlarla profilaktik söhbətlər aparıb və sakinlər öz evlərinə gediblər. Polisin qanuni tələbinə tabe olmayan 4 nəfər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.


Bu faktdan sui-istifadə edən bəzi düşmən qüvvələr tərəfindən maliyyələşən sosial şəbəkələrdə özünü dini icma sədri Afsələddin Axmedov kimi qələmə verən, əslində isə ad, soyadı Eyvaz Heydərov olan şəxs həmin hadisəni təhrif edərək, guya qəsəbə ərazisində milli azlıqların hüquqlarının tapdalanması, polislər tərəfindən onlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə əsassız, qərəzli fikirlər səsləndirib. Qəsəbə ağsaqqalları və ziyalıları isə "avarların sıxışdırılması” kimi uydurma fikirlər səsləndirən, qəsəbə sakinləri adından danışan və hazırda Azərbaycandan kənarda yaşayan həmin şəxsi ciddi qınayıblar və digərlərini onun belə təxribat xarakterli fikirlərinə inanmamağa çağırıblar.

Xəbər lenti