Xəzər Xəbər

Dəhşətli virus sərhədlərimizdə: İnsan küçədə anidən yıxılır və... - Alimdən XƏBƏRDARLIQ

Gündəm | 09:46 • 28 Yanvar 2020
Dəhşətli virus sərhədlərimizdə:

Çinin Vuhan şəhərində ortaya çıxan və epidemiyaya çevrilən "2019-nVoC” koronavirusu qurbanlarının sayı getdikcə artır. Son məlumata görə, virus 10-dan çox ölkəyə yayılıb və 80 nəfər dünyasını dəyişib. Koronavirusdan əziyyət çəkən insanların sayı 2 min 744-ə çatıb. Onlardan 461-nin vəziyyəti ağırdır. Virusa yoluxma şübhəsinin olduğu insan sayı 5 min 794 nəfərdir. 30 mindən çoxu isə xəstələrlə təmasda olduğu üçün nəzarətə alınıb.

Professor Adil Qeybulla koronavirusla bağlı Publika.az-ın suallarını cavablandırıb.



Koronavirus nədir?



Professor bildirib ki, koronavirusun daşıyıcısının hansı canlı olduğu bilinmir, ancaq özünü çox aqressiv aparır: "Ümumiyyətlə, viruslar həyatın qeyri-hüceyrəvi formasıdır, bir nukleotid zənciridir. Koronaviruslar da bunlardan biridir. Bu virus ilk dəfə 1960-cı ildə soyuqdəyməsi olan xəstələrin burun boşluğunda tapılıb. Bir neçə növü var: SARS (Kəskin Tənəffüs Yolu Sindromu), MERS (Yaxın Şərq Tənəffüs Çatışmazlığı Sindromu) və s. Heyvanlara yoluxaraq mutasiyaya uğrayan "2019-nVoC” koronavirusdur. Virus həmin ailənin üzvüdür, amma yeni növüdür. Yəni, xassəsi yenidir və özünü çox təhlükəli göstərir”.

"2019-nVoC” nə dərəcədə təhlükəlidir?



A.Qeybulla ölüm faktlarını nəzərə aldıqda virusun heçə sayılacaq bir növ olmadığını vurğulayıb: "Bu virus digər növlər olan SARS və MERS qədər təhlükəlidir və yoluxucudur”.

Virusun xüsusi əlamətləri nələrdir?



Həkim bildirib ki, virus hava-damcı yolu ilə yoluxur: "Virusun ağırlaşması nəticəsində pnevmoniya yaranır və ağciyər-ürək çatışmazlığından insanlar dünyasını dəyişir. Nümunələr var ki, insanlar bakterial şokdan yol getdikləri zaman anidən yıxılırlar. Virusun yayıldığı Vuhan şəhərində yaşayan sakinlər bu tip hallarla rastlaşdıqlarını qeyd ediblər. Nəzərə alsaq ki, koronavirus təhlükəli virusdur, hətta soyuqdəymə xəstəliyi olan, özünü narahat hiss edən, yuxarı tənəffüs yollarının qıcıqlanması, öskürək, hərarət, qrip kimi hallar olduqda, mütləq yataq rejiminə keçmək və həkim çağırmaq lazımdır. Çoxlu maye qəbul edilməlidir. Özbaşına antibiotik vurdurmaq və ya dərman qəbul etmək çox təhlükəlidir. Həkim məsləhəti ilə müvafiq addımlar atılmalıdır. Nə qədər ki, ortada koronavirus söhbəti var, insanlar bu nüanslara əməl etməlidir”.

Azərbaycana keçə bilərmi?



Professor əhalini diqqətli olmağa çağırıb: "Məni narahat edən məqam ondan ibarətdir ki, Azərbaycanla Çin arasında ticarət əlaqələri var. Ora gedib-gələn vətəndaşlarımız var. Həmin şəxslərlə infeksiyanın bura daşınması mümkündür. Koronavirusa Rusiya və Türkiyədə rast gəlinirsə, bu, bizi də həyəcanlandırmalıdır. Xəstələrin çoxluğu və ölüm hallarının artması bizdə şübhə və narahatlıq yaradır. Ortada rəsmi məlumatlar olmalıdır. Ölənlərin autopsiyası, onlardan götürülən yaxmaların mikroskopiyası, bioanalizi aparılmalıdır. Deyə bilmərik ki, virus Azərbaycana keçə bilməz. Koronavirus sərhəd tanımır. İnsanlar daim axındadır, hərəkətdədir və bu səbəbdən sürətli yayılır”.

Hansı tədbirləri görməliyik?



A.Qeybulla bu cür hallarda təkcə Səhiyyə Nazirliyinin yox, digər aidiyyəti strukturların da işə qarışmalı olduğunu deyib: "Fövqəladə komissiya yaradılmalıdır və ora mütəxəssislər cəlb olunmalıdır. Təcili karantin tədbirləri görülməlidir. Məktəblərdə, əhalinin kütləvi toplaşdığı yerlərdə, iş yerlərində dezinfeksiyaedici tədbirlər aparılmalıdır. Qapalı məkanlarda hava xüsusi lampalarla təmizlənməlidir, havada asılı qalan damcı infeksiyaları məhv edilməlidir. Xəstələnənlər vaxtında təcrid edilməlidir. İnsanlar maarifləndirilməlidir, virusun nə olduğunu, necə yayıldığını bilməlidir. Transsərhəd zonalarda nəzarət gücləndirilməlidir. Mütəmadi əllərimizi yumalıyıq. Respirator xəstəliyi olanlar maska istifadə etməlidir”.

Xəbər lenti