Dünya mediası bu günlərdə "saxta milyonçu" ləqəbi ilə məşhurlaşan rusiyalı Anna Sorokindən danışır.
XəzərXəbər axşam.az-a istinadən xəbər verir ki, buna səbəb onun film hekayələrindən fərqlənməyən fırıldaqçılığı və həyat tərzidir.
Belə ki, Moskvanın yoxsul səmtlərindən birində kamaz sürücüsünün qızı olaraq 1991-ci ildə doğulan Anna Sorokin 2012-ci ildə bir moda firmasında praktika keçmək üçün Nyu-Yorka gedib. O, 2013-cü ildə özünə yeni şəxsiyyət vəsiqəsi alıb və özünü 67 milyon dollarlıq sərvətin sahibi, neft milyonçusunun qızı Anna Delvi kimi tanıtmağa başlayıb.
Qlamur partilərdə görünüb, etibar qazanan Anna 2016-cı ildə Nyu-Yorkun gecəsi 400 dollar olan ən lüks otellərindən birinə yerləşib. Bu tarixdən etibarən, 10 ay ərzində milyoner kimi yaşayıb. Qaldığı oteldə ofisiantlara 100 dollar verərək, varlı şəxslərə onun haqda danışılmasını istəyib. Dost çevrəsini genişləndirən Anna İnstaqramda da özünə səhifə yaradaraq, lüks yaşam tərzi ilə diqqət çəkib.
Bir müddət dostları ilə özəl yaxtada tətilə çıxıb. 35 min 400 dollarlıq yaxta məsrəfini isə ödəməyib. Eyni il Mərakeşdə gecəsi 7 min dollarlıq oteldə tətilə gedib. Lakin geri dönəndə qaytaracağını söz verərək, otelin 62 min dollarlıq xərclərini dostuna ödətdirib.
Onun etdikləri bununla da bitməyib. Sənət vəqfi quracağını deyərək, 22 milyon dollar kredit almaq istəyən Anna bu istəyinə də nail olub. O, daha sonra aldığı pulu geri qaytarmayıb.