Xəzər Xəbər

Şərablar, diri xərçənglər, qadınlar... Prezidentin zirehli qatarı haqda İNANILMAZ DETALLAR - VİDEO

Veb TV | 15:01 • 25 Aprel 2019
Şərablar, diri xərçənglər, qadınlar...

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ötən gün Rusiya prezidenti Vladimir Putin ilə görüşmək üçün Vladivostok şəhərinə səfər edib.

Kim Çen Inın səfər etdiyi zirehli qatar dünya mediasının diqqət mərkəzinə düşüb.

 

Qatar dəbi

Şimali Koreyada liderlərin zirehli qatardan istifadə etmək dəbi 1948-ci ildən 1994-cü ilədək – ölənə qədər ölkəni idarə edən prezident Kim İl Sunq ilə başlayıb. 1930-cu illərdə marksist olan gənc Kim İlin bolşevik siyasətçi Lev Trotskinin o dövrdə Rusiyaya tez-tez səyahət edərək dünyanı 5,5 dəfə dolanmağa kifayət edəcək qədər yol qət etdiyi zirehli qatarına heyran olduğu təxmin edilir.

Öz ölkəsində tez-tez səfərə çıxan Şimali Koreya liderinin tək alternativi avtomobil idi. Rəvayətə görə, sovet istehsalı olan xüsusi bir zirehli vaqon Kimə şəxsən İosif Stalin tərəfindən hədiyyə olunub.

Bahalı fransız şərabları, canlı xərçənglər...

Atasından sonra ölkənin idarəetməsini öz üzərinə götürən Kim Çen İl 2001-2002-ci illərdə Moskvada Vladimir Putinlə görüşmək üçün 2 dəfə səfər edib. Səyahətlərdən birində Kimə yoldaşlıq edən Rusiya prezidentinin Uzaq Şərq bölgəsindəki nümayəndəsi Konstantin Pulikovski daha sonra qələmə aldığı "Şərq ekspresi” adlı kitabında qatarın içindəkilərlə bağlı müşahidələrini də qeydə alıb.

Həkimlərin tövsiyəsi ilə Parisdən gətirildiyi iddia olunan bahalı şərablar və canlı xərçənglərdən bəhs edən Pulikovski qatarda Rusiya, Çin, Koreya, Yaponiya, Fransa mətbəxindən hər növ yeməyin hazırlandığına, istifadə olunan yemək dəstlərinin hamısının gümüşdən olduğuna diqqət çəkib.

Bu səyahətlərdən düz 10 il sonra Kim Çen İl bir daha Rusiyaya səfər edərək dövrün prezidenti Dmitri Medvedev ilə bir araya gəlib. Burada niyə qatardan istifadə etməsi məsələsi ilə bağlı açıqlama verən Kim Çen İl bu cür səyahət etməyin müxtəlif ölkələrdəki həyatı daha yaxından tanımaq şansının olduğunu deyib.

İnteryeri

Məşhur ailənin 3-cü nəsli olan Kim Çen In da baba və atasının ənənəsi pozmur. Bir çoxları Şimali Koreya liderinin istifadə etdiyi qatara olan marağını gizlətmir. İstehsal olunduğu dövrə görə texnologiyanın ən ali səviyyəsi hesab olunan zirehli qatar isə bu gün muzey eksponatı təsiri bağışlayır.

Qatarın içinə nadir insanların girmək ehtimalı olsa da, Kim Çen Inın bu nəqliyyat vasitəsindən həm evi, həm də qərargahı kimi istifadə etdiyi iddia olunur. Bütün detallara xüsusi diqqətlə yanaşıldığı deyilən qatarda toplantı salonları, liderin və köməkçilərinin ayrı-ayrı otaqları, qonaqları qəbul otağı ən müsair və texnoloji avadanlıqlarla təzhiz edilib.

Şimali Koreya liderinin internet şəbəkəsi balta girməyən Rusiya meşələrində belə kəsilmədən işləyir, qatardakı qarajda isə hər zaman istifadəyə hazır vəziyyətdə olan iki ədəd zirehli "Mercedes” markalı avtomobil gözləyir.

Ata Kimin prezidentliyi dövründə qonaq otağında daim işlək vəziyyətdə olan 2 monitordan birində liderin çox sevdiyi hərbi paradlardan görüntülər və müharibə filmləri, digərində isə meteorologiya xəbərləri, qatarın olduğu yer və keçilən bölgələrin iqtisadi vəziyyəti ilə bağlı bilgilər göstərilib. Ata Kim bəzən uzun yolun sıxıntısından qurtulmaq üçün qadınlardan ibarət musiqi qrupunu da özü ilə birlikdə səyahətə aparıb. Oğlunun bu ənənəyə sadiq qalıb-qalmadığı isə bəlli deyil.

Qatarın daxili interyerinə gəldikdə isə, burada ağ rəngin üstünlük təşkil etdiyi deyilir. Dincəlmək üçün ayrılan vaqonlarda isə çəhrayı rəngdə dəri örtüklü divan və kreslolar yer alır. Olduqca lüks şəkildə dizayn edilən qatarda yalnız dizellə işləyən müstəqil elektrik stansiyası və havalandırma sistemi mövcuddur.

Lev Trotski və Kim Çen özəlliyi

Bütün bu lüks detallar birbaşa Lev Trotskinin istifadə etdiyi qatarı xatırladır. O qatarda yataq otaqlarının da yerləşdiyi, qatarın xaricində də klub kimi istifadə edilən restoranlı vaqon, katibələrin ofisi, bir neçə abtomobil daşıyan qaraj, benzin tankeri, telefon stansiyası, teleqraf, radio, hamam, camaşırxana, silah və sursatların olduğu vaqon və cəbhədə savaşanlar üçün hazırlanmış hədiyyələrin olduğu vaqon olub. Trotskinin qatarına başçılıq edən lokomotiv və avtomat tüfəngli vaqonlar zirehlə örtülüb. Kitabxanaçılar və aşbazlar daxil olmaqla, qatarda olan hər kəs üzərində silah gəzdirib. Kimin qatarında isə ən azından, yataq otağı və ümumi salonun zirehli olduğu bəllidir. Qatarın zirehli olması isə onun sürətinə mənfi təsir göstərir və saatda 60 km sürətlə getməsini təmin edir. Kimə səyahət boyu silahlı şəxslər deyil, maşinist, ofisiant, təmizlikçi kimi işinin ustası olan şəxslər yoldaşlıq edir. Ehtimallara görə, Şimali Koreya liderinin səyahət boyu ölkənin ən yaxşı snayperlərindən ibarət qrup mühafizə edir.

Sabiq dövlət başçısı Kim İl Sunqun dövründə qatarda 90 vaqonun olduğu deyilirdir Hazırda həmin qatarda 21 vaqon var.

Xəbər lenti