Xəzər Xəbər

Bir həftə sonra hərbi xidmətə gedəcəkdi, faciəvi şəkildə öldü - VİDEO

Veb TV | 18:32 • 24 Mart 2019
Bir həftə sonra hərbi xidmətə gedəcəkdi, faciəvi şəkildə öldü -

Gecə Bakıda piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. Füzuli və Sumqayıtda da ölümlə nəticələnən qəzalar olub.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza gecə paytaxtın Səbail rayonu Bayıl qəsəbəsi "20-ci sahə" adlanan ərazidə baş verib. Şıxov qəsəbəsindən Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan ''90-CT-983'' dövlət qeydiyyat nişanlı, sürücü Roman Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobil yol kənarında dayanan iki piyadanı vurub.

Nəticədə 18 yaşlı Roma Cəfərov xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. 18 yaşlı Vahid Rəhimov isə üz və bədən nahiyələrindən sınıq xəsarətləri alıb. Dərhal ətrafda olan insanların köməyi ilə xəstəxanaya aparılan Vahid Rəhimov ilkin yardım göstərildikdən sonra evə buraxılıb. O deyir ki, qəza törədən sürücü avtomobili yüksək sürətlə idarə edib.

Qəza zamanı ölən Roma Cəfərovun atası Füzuli Cəfərovun sözlərinə görə, oğlunu bir həftə sonra hərbi xidmətə yola salacaqmış. Ata onu da iddia edir ki, hadisəni törədən sürücü sərxoş olub. Qəzadan sonra o, küçədə olan hadisə şahidləri ilə əlbəyaxa dava da edib. Daha sonra hadisə yerindən yayınıb.

Səbail rayon 8-ci polis bölməsindən verilən məlumata görə, qəzanı törədən sürücü Roman Hüseynov saxlanılaraq məsuliyyətə cəlb edilib. Faktla bağlı rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanıb.

Füzulidə isə qatarla minik avtomobilinin toqquşması ölümlə nəticələnib. Ağır qəza rayonun Arza Dilağar kəndində baş verib. 70 yaşlı Barat Həsənovun idarə etdiyi minik avtomobili qorunmayan keçiddən keçərkən sərnişin qatarı onu vurub. Sürücü Barat Həsənov hadisə yerində dünyasını dəyişib.

Sumqayıtda isə azyaşlı uşağı maşın vuraraq öldürüb. Hadisə Səməd Vurğun küçəsində baş verib. Həmin ərazidə yolu keçmək istəyən 11 yaşlı Həbib Abdulzadəni avtomobil vurub. Yaralı Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti