Türkiyənin maliyyə sistemi pozmaq vasitəsilə Ankaraya iqtisadi təzyiqlər etmək cəhdinin heç bir perspektivi yoxdur. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rizədə xalq önündə çıxışı zamanı deyib.
"Əgər onların (ABŞ
- red.) dolları varsa, bizim də xalqımız, hüququmuz və Allahımız var.” –
deyə, Ərdoğan vurğulayıb. Həmçinin, xalqı müxtəlif ölkələrin Türkiyəyə
və onun iqtisadiyyatına qarşı apardıqları çirkin kampaniyaya məhəl
qoymamağa çağırıb.
Qeyd edək ki, Ankara ilə Vaşinqton arasındakı siyasi gərginlik fonunda türk lirəsinin ABŞ
dolları qarşısındakı məzənnəsi tarixdə ilk dəfə rekord həddə ən aşağı
səviyyəyə düşüb. Belə ki, bu gün 1 dollar 6 lirə, 100 dollar isə müvafiq
olaraq 586 lirə dəyərində müəyyənləşib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp
Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad
edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməmişdi.
Nəticədə avqustun 1-də ABŞ Maliyyə Nazirliyi
Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri
Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda
günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul
edib. Vaşinqtonun bu addımı onsuz da nahamar olan ikitərəfli
münasibətlərdə gərginliyi daha da artırıb.
Amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK
terror təşkilatlarılə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun
azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni
olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir.