Bakı şəhəri, 214 saylı
tam orta məktəbin şagirdi Leyli Əhmədova qəbul imtahanında 700 bal
toplayan 7 abituriyentdən biridir. III ixtisas qrupu üzrə maksimum
nəticə göstərən Leylinin qardaşı da 3 il əvvəl imtahanda 700 bal
toplayıb. L.Əhmədova
AzVision.az-a açıqlamasında sınaq imtahanlarında həmişə yüksək bal topladığını deyib.
"Sınaq
imtahanlarında hər zaman yüksək nəticə göstərmişəm. Sadəcə qorxduğum
kiçik səhvin məni 700 baldan məhrum etməsi idi. Amma hər şey uğurla
keçdi və mən maksimum nəticə göstərdim. 11 il ərzində hər zaman yüksək
qiymətlərlə oxumuşam və nəhayət, zəhmətimin bəhrəsini gördüm. 3 il əvvəl
qardaşım İbrahim II ixtisas qrupu üzrə 700 bal toplayıb, hazırda ADA
Universitetində Beynəlxalq münasibətlər fakültəsində təhsil alır. Anam
"Riyaziyyat” müəlliməsidir. Bizdə oxumağa meyl ondan gəlib. 4 fəndən
hazırlığa getmişəm, amma "Riyaziyyat”dan isə məni qardaşım hazırlaşdırıb
”.
Rekordçu Leyli oxuyacağı təhsil ocağını hələ seçməkdə tələsmir: "Qarşıda hələ 3 ayım var, seçimə tələsmirəm”.
Leyli, həmçinin çox oxumaqdan gözlərinin zəfilədiyini söyləyib.
Qeyd
edək ki, Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas
qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirib. İmtahanda II
ixtisas qrupu üzrə 2 abituriyent (
Xaçmaz
rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və
Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III
ixtisas qrupu üzrə isə 5 abituriyent (
Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb,
Bakı
Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin
məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab
verib və maksimum nəticə - 700 bal toplayıb.