Xəzər Xəbər

Ölkədə “Mersedes” hegemonluğuna son... Bazarda son durum

İqtisadiyyat | 12:17 • 11 Fevral 2018
Ölkədə “Mersedes” hegemonluğuna son...

Alıcılar özləri də bilmədən avtomobil bazarında qiymət artımına səbəb oldular.

Bu sözləri Teleqraf.com-a əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.

Ekspertin sözlərinə görə, 2018-ci il ilin əvvəlində avtomobil bazarında qiymət artımı olacağı hələ ötən ilin dekabrından proqnozlaşdırılmışdı: "Nəticə gözlənilən kimidir. Ölkəyə gətirilən avtomobillərə yeni idxal rüsumlarının tətbiqindən sonra insanlar avtomobilləri bahalaşmadan almağa çalışdılar. Bununla da alıcılar özləri də bilmədən avtomobil bazarında qiymət artımına səbəb oldular.

Nəzərə alsaq ki, hər il qış aylarında avtomobil bazarında durğunluq hökm sürür, deməli, qiymətlərdə enmə mümkündür”.

Ekspert bildirib ki, son 1 ildə Azərbaycanda taksi sektorunda inkişaf gözə çarpır: "Demək olar ki, hər ay yeni taksi şirkəti yaranır. İnsanlar az yanacaq sərf edən qənaətcil avtomobil almağa üz tuturlar. Bu da öz növbəsində ekonom avtomobillərin artımına gətirib çıxarır.

Son 2 ayda avtomobil bazarında ən çox satılan maşınlar Deyvo, KİA, Assent ekonom sinif maşınlarıdır. Halbuki Azərbaycan bazarında həmişə "Mersedes”in dizel və benzin istehsallı klass avtomobilləri hegomonluq edib. Bu avtomobillərin üstünlüyü hələ də qalmaqda davam edir. Çünki Azərbaycanda insanlar avtomobil seçimi edərkən onun təmirinin daha az xərc tələb etməsinə üstünlük verirlər”.

Vaqif Hüseynov bildirib ki, hazırda avtomobil bazarında alıcılıq qabiliyyəti aşağı səviyyədədir: "Avtomobil bazarının tam durğunlaşmamasının səbəbi taksi xidməti ilə məşğul olanların sayının artmasıdır. Həmin şəxslər sayəsində maşın bazarında bir az canlılıq var. Hazırda ölkəmizdə ikinci əl maşınları daha çox satılır. Təzə avtomobillərin satış nisbəti ilinə və klassına görə dəyişir. İnsanların 30 faiz yeni, 70 faiz isə ikinci əl avtomobil almağa maraqlıdır”.

Ekspertin sözlərinə görə, Çin istehsalı olan avtomobillərə inam-etibar aşağıdır: "Azərbaycan istehlakçısının beynində "Çin məhsulu” anlayışı hələ də imkan vermir ki, həmin maşınları alınsın”.

Vaqif Hüseynov məşhur avtomobil firmalarının distrübüterlərinin Bakıda daha fəal olmamasına da münasibət bildirib. O, qeyd edib ki, həmin şirkətlərin müəyyən bir reklam, marketinq büdcələri olur: "Onlar həmin büdcə ilə ölkəyə gətirilən yeni avtomobilləri reklam edirdilər. İndi televiziyada, demək olar ki, avtomobil reklamını görə bilmirik. Bəzi avtomobil sayıtlarında müəyyən elanlar yerləşdirilir, bu da elə aktual deyil. Kimsə saytda avtomobil axtarırsa, deməli, onun fikri ikinci əl avtomobil almaqdır.

İkinci səbəb dolların kursudur. Əvvəllər tutalım, 16 min manata Azərbaycana maşın gətirilirdisə, indi burəqəm 34 min manat təşkil edir. Yəni təzə avtomobillərdə 2 dəfəyə kimi qiymət artımı müşahidə olunur. Azərbaycanda alıcılar KİA, Hundai modelini 20-30 min manat civarında alırdılar, indi qiyməti 35-40 min manatdan başlayır. Bu qiymətsə sərf eləmir.

Beləliklə, avtomobil satışının zəifləməsi brend marakaların ölkədən getməsi ilə nəticələnir”.

Xəbər lenti