Xəzər Xəbər

Neftçala avtomobil zavodu dekabrda işə düşür

İqtisadiyyat | 12:57 • 11 Oktyabr 2017
Neftçala avtomobil zavodu dekabrda işə düşür

Bu ilin dekabrında Neftçala avtomobil zavodunda avtomobil istehsalına başlanılacaq. Zavodda il ərzində 2 min avtomobil istehsal olunacaq. Qeyd edək ki, zavod ildə 10 min avtomobil istehsal etmək gücünə malikdir.

XəzərXəbər-in məlumatına görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Alman-Azərbaycan biznes-forumunda məlumat verib.

Qeyd edək ki, söhbət "Azevrocar” şirkəti ilə və "İran Khodro” şirkətinin birgə istehsalı olacaq avtomobillərdən gedir.

Zavodda əvvəlcə "İran Khodro”markasına aid 4 modelin - "Runna”, "Dena”, "Samand” və "Soren” avtomobilllərinin yığımına başlanılacaq. Ehtiyat hissələrinin bir hissəsinin yerli zavodlarda istehsalı planlaşdırılır. Bunun üçün həmin zavodlara təkliflər veriləcək.

Zavodların test məhsulları İran şirkəti tərəfindən müsbət rəy alarsa, ehtiyat hissələrinin istehsalı başlayacaq. Avtomobil zavodu ehtiyat hissələrinin istehsalı ilə bağlı Sumqayıt Texnologiyalar Parkı, o cümlədən plastik hissələrin istehsalı üçün SOCAR-ın yeni tikiləcək zavodu ilə əməkdaşlıq etməyi planlaşdırır.

Yığılan avtomobillərin 15-20%-i xaricdə satılacaq. "Azevrocar”dan verilən məlumata görə, xarici bazar olaraq MDB ölkələri və Mərkəzi Asiya ölkələri nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə ildir ki, Naxçıvan Avtomobil Zavodunda Çinin "Lifan” şirkəti ilə birgə "Naz Lifan” avtomobilləri yığılır. Amma avtomobil zavodu alıcı tapmaqda çətinlik çəkir. Satışların böyük hissəsi də demək olar ki, birbaşa dövlət sifarişlərinin payına düşür. Bu baxımdan yeni istehsal ediləcək avtomobillərin necə bazar payı əldə edəcəyi məsələsinə gəlincə, "Azevrocar”dan bildiriblər ki, zavodda yığılacaq maşınlar həm qiymət, həm də kefiyyət baxımından bazarda rəqabətə davamlı olacaq: "Azərbaycan bazarında ən ucuz təzə maşınları biz satacağıq. Yeni modellərin qiymətləri 10-12 min manat aralığında dəyişəcək. Müqayisə üçün hazırda Azərbaycan bazarında bu qiymətə demək olar ki, yeni avtomobil yoxdur”. Yeni yığılacaq avtomobillərin kefiyyətinə gəlincə, şirkətdən bildiriblər ki, marka Avro 5 standartları üzrə kefiyyət sertifikatı alıb. Avtomobillərin kefiyyəti tam yüksək səviyyədə olacaq.

Xəbər lenti

Çox oxunanlar